Azərbaycan ağırlıqqaldırma idmanında tarixi ilkə imza atılıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) verilən məlumata görə, dekabrın 4-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Bəhreyndə keçirilmiş növbəti konqresində, Azərbaycanda Avropa Ağırlıqqaldırma Akademiyasının qurulmasına namizədlik təqdimatı böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, AAF-ın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da qatıldığı tədbirdə təqdimatı qurumun təmsilçisi Turab Teymurov edib.
Təqdimat zamanı konqres iştirakçılarına ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin idmana dövlət səviyyəsində diqqət və qayğı göstərdiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və digər rəsmilər Azərbaycanda idmana göstərilən diqqəti xüsusi fərqləndirib və Akademiyanın fəaliyyətində uğurlar arzulayıb.
Avropa Ağırlıqqaldırma Akademiyasında beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiriləcək. Akademiyadakı tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Akademiyanın Bakıdakı ASK Arenada yerləşməsi nəzərdə tutulub.
Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub.
Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənilib, kommersiya tərəfdaşlarının təqdimatı baş tutub. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edilib.