Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar isə 7 çəki dərəcəsində mübarizə aparacaqlar.
6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu iştirak edəcək. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlayacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.