Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarında 92 kq çəki dərəcəsində qızıl medal qazanan özbəkistanlı idmançı Lazizbek Mullacanov dopinq testindən keçə bilməyib.
Olimpnews.az Reuters-ə istinadən xəbər verir ki, Beynəlxalq Test Agentliyinin (ITA) yaydığı rəsmi məlumata əsasən, 26 yaşlı boksçunun 11 iyun tarixində, yarışdan kənar vaxtda təqdim etdiyi test nümunəsində qadağan olunmuş “metasteron” maddəsi aşkarlanıb. Bu maddə sintetik anabolik-androgenik steroidlər qrupuna daxildir və sürətli əzələ artımı, güc və dözümlülük baxımından performansın süni şəkildə yüksəlməsi ilə əlaqələndirilir.
Agentliyin açıqlamasında bildirilib ki, Mullaconova qarşı ilkin olaraq müvəqqəti diskvalifikasiya tətbiq olunub. İdmançıya “B” nümunəsinin analizini tələb etmək hüququ verilib. Əgər ikinci nümunə də dopinq faktını təsdiqləyərsə, bu, rəsmi olaraq antidopinq qaydalarının pozulması kimi qeydə alınacaq.
Əgər “B” nümunəsinin təhlili tələb olunmasa, yaxud nəticə birinci nümunə də olduğu kimi çıxarsa, proses eyni qaydada davam etdiriləcək. Lazizbek Mullacanovun isə müdafiə məqsədilə öz izahlarını təqdim etmək hüququ var.
Xatırladaq ki, Mullacanov 2023-cü ildə keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) dünya çempionatında bürünc medal, 2022-ci ildə isə Asiya Həvəskar Boks Çempionatında super ağır çəki dərəcəsində qızıl medal qazanıb. Lazizbek Mullacanov Parisdə keçirilən Olimpiya Oyunlarının finalında Azərbaycan təmsilçisi Alfonso Dominqesi məğlub edərək qızıl medala layiq görülmüşdü.
Paris-2024-ün Olimpiya çempionunda dopinq aşkarlandı
