Avropa Xüsusi Yay Oyunlarından 20 medal

Avropa Xüsusi Yay Oyunlarından 20 medal


Sentyabrın 9-dan 21-dək Belçikanın Antverpen şəhərində keçirilmiş Avropa Xüsusi Yay Oyunlarında 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Nümayəndə heyətinin 27 nəfəri idmançılardan ibarət olub.
Azərbaycan idmançıları atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu nəticələr göstəriblər.
Yarışların atletika növündə Pərviz Mustafayev (VI divizion) 100 metr qaçışda, Aytən Abdullayeva (I divizion) yerindən tullanmada qızıl, Həsənağa Əliyev (VI divizion) uzununa tullanmada, Aytən Abdullayeva (I divizion) 50 metr qaçışda gümüş, Həsənağa Əliyev 100 metrə qaçışda bürünc medal qazanıblar.
Baharxanım Əlipənahova (II divizion) 50 metr qaçışda birinci, yerindən tullanmada ikinci, Mehman Şeydayev (I divizion) top atmada ikinci nəticə göstəriblər.
Badminton üzrə yarışda Niyaz İsmayılov (IX divizion) birinci, Teyfə Musayeva (III divizion) və Zaur Eyvazov (III divizion) ikinci olublar.
Stolüstü tennis üzrə şəxsi yarışlarda Həbib Tağıyev (VI divizion) və Vüsalə Bürciyeva (VI divizion) gümüş, qarışıq yarışlarda Həbib Tağıyev (VI divizion) və Vüsalə Bürciyeva (VI divizion) qızıl medal əldə ediblər.
Cüdo üzrə yarışda Elnur Rəhmanov (57,5 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əflatun Həsənov (48 kq) və Bəşir Həsənov (49 kq) bürünc medalla kifayətləniblər.
Üzgüçülükdə Rudolf Hacıməhəmmədov (I divizion) 50 metr məsafəyə arxası üstə üzmə yarışlarında üçüncü nəticə göstərib.
Basketbol üzrə (II divizion) final oyununda Azərbaycan yığması Yunanıstanı məğlub edərək birinci yeri tutub və qızıl medala sahib olub.
Ümumiyyətlə, idmançılarımız ayrı-ayrı idman növlərində 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.