Tələbə İdmanı Beynəlxalq Federasiyasının (FİSU) İcraiyyə Komitəsinin üzvləri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunları uğrunda mübarizədə Qazaxıstanın Almatı şəhərini dəstəkləyiblər. Cənubi Koreyanın Kvancu şəhərində FİSU-nun İcraiyyə Komitəsinin növbəti iclası öz işini başa çatdırıb. İclasda Almatı Universiadası-2017 Təşkilat Komitəsi yarışlara hazırlıq barədə hesabat verib.
"Universiada-2017-nin Təşkilat Komitəsi ölkədə beynəlxalq tələbə idmanı hərəkatının inkişafına, yüksək ixtisaslı mütəxəssislərin və idmançıların hazırlığına böyük diqqət ayırır. Düşünürəm ki, müasir tipli idman obyektlərinin inşası ölkədə beynəlxalq və irimiqyaslı tədbirlərin təşkilinə imkan yaradacaqdır”, - deyə Təşkilat Komitəsinin direktoru İlya Urazakov məlumat verib.
FİSU-nun üzvləri Universiada-2017-nin təqdimatını dinlədikdən sonra Almatıda aparılan hazırlıq işlərini yüksək qiymətləndiriblər. Onlar Olimpiada-2022 uğrunda mübarizədə Almatının namizədliyini dəstəklədiklərini bildiriblər.