Avropa Oyunlarının proqramında yer alan idman növlərindən biri də bədii gimnastikadır. Bu idman növündə ölkəmizi 2 fərdi gimnast və qrup komandası təmsil edəcək.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) Oyunlara namizəd idmançılarından biri olan Gülsüm Şəfizadə idmana gəlişi, gələcək planları ilə bağlı AGF-nin saytına müsahibə verib.
Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Gülsüm, necə oldu ki, məhz gimnastika idman növünü seçdin?
- Bacım bədii gimnastika ilə məşğul olurdu. Hərəkətli və nadinc uşaq olduğum üçün anam məni də gimnastikaya yazdırmaq qərarına gəlib. Demək olar ki, bu idman növünü seçməyim anamın qərarı ilə olub.
- Necə düşünürsən, başqa idman növündə uğur qazana bilərdinmi?
- Yəqin ki, yox. Mənim həyatım uşaqlıqdan bədii gimnastika ilə sıx bağlı olub. Ona görə də, özümü başqa idman növündə təsəvvür edə bilmirəm.
- Səncə, idmanda vacib olan nədir?
- Mən düşünürəm ki, vacib olan əmək, səbir və inamdır. Öz yorğunluğunu, tənbəlliyini aşaraq, hər gün, hər məşqdə zəhmət çəkmək lazımdır.
- Yarış zamanı emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Hər idmançı çıxışdan əvvəl həyəcanlanır. Lakin bu, məndə bir az fərqli baş verir. Xalçadan kənarda mən həyəcanlana bilərəm, amma xalçaya çıxdıqda və azarkeşlərimin səslərini eşitdikdə bütün qorxularım yox olur və mən böyük zövqlə çıxış edirəm. Təmkinli olmağımın sirrinə gəldikdə isə, hər kəsin, o cümlədən mənim də öz sirrim var. Məhz sirr olduğuna görə də bu barədə danışmayacağam (gülür).
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa, bu idman növündən asılıdır?
- Deməzdim ki, bədii gimnastika təhlükəli idman növüdür. Belə ki, peşəkar idmanla məşğul olan hər kəs zədələnə bilər.
- İdmanda kumirin varmı?
- Mənim kumirim Londonda keçirilən Olimpiya oyunlarının gümüş mükafatçısı - Dərya Dmitriyevadır.
- İstərdik ki, gələcək planlarından danışasan...
- Öncədən plan qurmağı xoşlamıram, zaman hər şeyi göstərəcək. Lakin deyə bilərəm ki, ilin ən önəmli yarışları Avropa çempionatı, Avropa Oyunları və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatıdır. Bu oyunlarda ölkəmizi layiqincə təmsil etmək istəyirəm.
- Avropa Oyunlarına necə hazırlaşırsan?
- Avropa Oyunları idman tarixinin ən mühüm tədbirlərindəndir. Avropa Oyunlarının məhz Bakıda keçirilməsi məsuliyyətimizi ikiqat artırır.
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Xeyr, lakin mən buna heyifslənmirəm.
- Azarkeşlərin tribunalardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Yarışdan əvvəl mənim bütün diqqətim öz çıxışımda cəmlənir. Düzünü desəm, ancaq qışqırıq səsləri eşidirəm. Çıxışdan sonra isə artıq ayrı-ayrı sözləri ayırd edə bilirəm. Tribunalardan səslənən "Azərbaycan, Azərbaycan” alqışlarından isə çox həyəcanlanıram.