"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycanın aparıcı şirkətlərindən olan "Nestle-Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Olimpnews.az saytının məlumatına görə, müqaviləyə əsasən, dünyanın qabaqcıl şirkətlərindən olan "Nestle” Oyunlar zamanı idman yarışlarının keçiriləcəyi məkanlarda idmançıları və nümayəndə heyətlərinin üzvlərini "Kıt-Kat” şokoladı, "Nestlé Fitness” və "Nescafé” kofe və qənnadı məmulatları ilə təmin edəcək.
"Bakı-2017”nin Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov müqavilənin əhəmiyyətindən danışarkən deyib: "Daha bir yüksək profilli beynəlxalq brend olan "Nestle” IV İslam Həmrəyliyi Oyunlarının mühüm təchizatçısı olub. Fürsətdən istifadə edərək "Nestle-Azərbaycan” şirkətinin IV İslam Həmrəyliyi Oyunlarının dəstəkçiləri sırasına qoşulmasından məmnunluğumu bildirirəm. Mayın 12-də start veriləcək Oyunlar zamanı şirkət ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvarıq”.
"Nestle-Azərbaycan” MMC-nin baş direktoru Ceyhun Bəxtiyarlı deyib: "Biz "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ailəsinin bir hissəsi olduğumuza və Azərbaycanda keçiriləcək ən mötəbər idman tədbirinə dəstək verməyimiz ilə fəxr edirik. İnanıram ki, yarış zamanı beynəlxalq aləmin diqqəti Bakıda olacaq. Əminəm, Bakı birinci Avropa Oyunlarına olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”.
"Nestle-Azərbaycan” şirkəti, "iTicket”, "Fresco”, "Milla” və "Red Bull” şirkətlərindən sonra "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi dəstəkçisi olub. Oyunların rəsmi tərəfdaşları isə "MicroPlus”, "BP” və "AZAL” şirkətləridir.