Seulda idman nazirlərinin görüşü keçirilib - FOTOLAR

Seulda idman nazirlərinin görüşü keçirilib - FOTOLAR
       
Cənubi Koreyanın paytaxtı Seul şəhərində bu ölkənin Mədəniyyət, Gənclər və Turizm Nazirliyinin təşkilatçılığı ilə idman nazirlərinin görüşü keçirilmişdir. Olimpnews.az saytının məlumatına görə, görüşdə "İdman dəyərlərinin cəmiyyətdə inkişafı” mövzusunda çıxışlar olmuşdur.

Dəyirmi masa ətrafında geçirilən görüşü Cənubi Koreyanın mədəniyyət, gənclər və turizm naziri Do Jonguhan açaraq qeyd etmişdir ki, idman dəyərləri hər bir cəmiyyətdə sağlam mühütün, qarşılıqlı əlaqələrin, həmrəylik və dostluq münasibətlərinin formalaşmasında mühüm amillərdən biridir və belə görüşlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. İdman nazirlərinin görüşündə Azərbaycanı Gənclər və İdman  nazirinin müavini İsmayıl İsamyılov təmsil etmişdir. O, görüşdə çıxış edərək ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən idman sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd etmişdir ki, Azərbaycanda idmana və Olimpiya Hərəkatına dövlət başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq yarışlar barədə də məlumat verən nazir müavini bildirmişdir ki, Azərbaycanda idmanın inkişafı və Olimpiya hərəkatının genişlənməsi kütləvi xarakter aldığından idman dəyərləri cəmiyyətdə aparıcı mövqelərdən birinə malikdir.

Daha sonra Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) prezidenti Crainq Reedie, Türkiyə Respublikasının gənclər və idman naziri Osman Aşkın Bak,Fransanın idman naziri Laura Flessel, Qazaxıstanın mədəniyyət və turizm naziri Arystanbek Muxamediuly, Monqolustanın təhsil, mədəniyyət, elm və idman naziri Tcedenbal Tsogzolma, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic, Gürcüstanın mədəniyyət və idman naziri Mixael Giorqadze və başqaları çıxış edərək qeyd etmişlər ki, belə görüşlərin keçirilməsi, müzakirələrin aparılması həm ölkələrin idman qurumları arasında işgüzar, qarşılıqlı əlaqələrin qurulmasına xidmət edir, həm də birgə səylər nəticəsində idman dəyərlərinin cəmiyyətdə daha kütləvi surətdə yayılmasına şərait yaradır. Görüşün sonunda xatirə hədiyyələri verilmiş və şəkil çəkdirilmişdir.