Gələn ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları koronavirus pandemiyası fonunda yarışa qatılan idmançıların sayını azaltmağı düşünmürlər.
Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Con Kouts Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransında bildirib. Olimpiadada təxminən 11 min, Paralimpiadada isə 4,4 min idmançının iştirakı planlaşdırılıb.
Qeyd edək ki, BOK-un prezidenti Tomas Bax və rəhbərlik etdiyi qurumun nümayəndə heyəti bu həftə Yaponiyaya səfər edib. O qeyd edib ki, yarışlara qədər koronavirus peyvəndi olarsa, BOK olimpiadadan əvvəl idmançıların peyvənd edilməsi xərclərini ödəyəcək.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Pandemiya səbəbindən yarış bir il təxirə salınıb və 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.