Latviyanın paytaxtı Riqada Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan üzgüçüləri 4 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmaqla yüksək nəticə göstəriblər.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumatda bildirilir ki, “97th Latvian Open 2021” beynəlxalq turniri lisenziya xarakterli yarış olub. Bu yarışda üzgüçülərimiz Maksim Şemberyev 400 metr məsafədə qarışıq və 1500 metr məsafədə sərbəst üsulla üzmədə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb. Fatimə Alkərəmova isə 400 və 800 metr məsafədə sərbəst üsulla üzmə yarışlarında rəqiblərindən güclü olub və aktivinə 2 qızıl medal yazdırıb.
Bu beynəlxalq turnirdə üzgüçülərimizdən Ramil Vəlizadə 200 metr məsafədə batt, Selcan Əbdurəhmanlı 400 və 800 metr məsafədə sərbəst üsulla üzmə, Ayan Kələntərova 400 metr məsafəyə qarışıq üsulla üzmədə ikinci yerləri tutaraq, bürünc medala sahib olublar. Ramil Vəlizadə bu göstərici ilə 2022-ci ildə Yaponiyanın Fukuoka şəhərində keçiriləcək üzgüçülük üzrə dünya çempionatına vəsiqə qazanıb. Üzgüçülərimizdən Vəli İsrafilov 200 metr məsafəyə brass üsulu ilə üzmə, Məryəm Şeyxəlizadəhəngah isə 100 metr məsafəyə batterflyay üsulu ilə üzmədə üçüncü yerlə, bürünc medalla kifayətləniblər. Ümumilikdə bu beynəlxalq turnirə 12 idmançı ilə yollanan milli komandamız 10 medal qazanıb.
Bu yarışda həm də Selcan Əbdurahmanlı 800, Maksim Vorontsov 1500 metr məsafəyə sərbəst, Ayan Kələntərova isə 400 metr məsafəyə qarışıq üsulda “İdman ustasi” normativini yerinə yetiriblər.
Tokio-2020: Azərbaycan üzgüçüləri lisenziya yarışında 12 medal qazanıblar