Boks üzrə SSRİ idman ustası, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) beynəlxalq dərəcəli hakimi, Milli Olimpiya Komitəsi İdman İdarəsinin baş məsləhətçisi Nazir Rəhimovun mayın 6-da 70 yaşı tamam olur. Ömrünün ən gözəl çağlarını boks həsr edən təcrübəli mütəxəssis bu idman növündə öz sözünü deyə bilib. Onun Azərbaycanda boks idman növünün inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək şəkildə qiymətləndirilib. Nazir müəllim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Tərəqqi” medalına, 2012-ci ildə isə "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adına layiq görülüb. O, həmçinin 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri bədən tərbiyəsi və idman işçisi adı ilə təltif olunub. İdman sahəsində müxtəlif vəzifələrdə çalışan Nazir müəllim öz şəxsi keyfiyyətləri ilə də fərqlənir. Hadisələrə obyektiv yanaşan, geniş dünyagörüşünə malik olan müsahibimizlə söhbət zamanı maraqlı məqamlara toxunduq. Uzun illər idman sahəsində əldə etdiyi təcrübədən danışan Nazir müəllimlə müsahibəni oxucularımıza təqdim edirik.
- Nazir müəllim, keçdiyiniz həyat yolu çox maraqlı və zəngin hadisələrlə yadda qalıb. Ömrün 70-ci baharında daha çox nəyi xatırlamaq istərdiniz?
- Həyatımın əsas hissəsi idmanla bağlıdır.Belə ki, 70 illik ömür yolumun 57 ilini idmana sərf etmişəm. Söhbətə elə idmana gəlişimlə başlamaq istəyirəm. Yasamal rayonun (keçmiş Oktyabr rayonu)199 saylı orta məktəbində təhsil alırdım. Məktəbdə oxuduğum illərdə idmanla məşğul olmaq istəyirdim. Həmid Zalov adlı idman müəllimim var idi. Ona deyirdim ki, müəllim, məni də idman bölməsinə yazdır. Günlər bir bir-birini əvəz edirdi. Həmin müəllimdən səs soraq yox idi. Nəhayət bir gün o dedi ki, saat 4-də gəl idman zalımıza, səni idman bölməsinə yazdıracam. Saat 4-ü gözləyənədək, özümə yer tapa bilmirdim. Evdə anama dedim ki, müəllim məni idmana yazdıracaq. Soruşdu ki, nə idmanıdı? Dedim ki, bilmirəm. Müəllim dediyi kimi saat 4-də məktəbimizin isman zalına gəldim. Adını bilmədiyim məşqçi bəstəboylu, fiziki cəhətdən güclü bədən quruluşuna malik idi. O qrupa yeni gələnlərlə tanış olub adımızı dəftərinə yazdı. Sonra bizi sıraya düzüb məşq vaxtlarını, idman geyimlərimiz barədə tapşırıqlarını verdi. Bir neçə gün adını bilmədiyim idman növü ilə məşğul oldum. Bu danışdıqlarım 1964-cü ildə baş verib. Sonradan bildim ki, məni akrobatika bölməsinə yazdırıblar. Düzünü deyim ki, o vaxta qədər mən heç akrobatikanın nə olduğunu bilmirdim, hətta bu sözün mənasını da anlamırdım. Amma idmana olan həvəsimə görə akrobatika ilə məşğul olurdum. Onu da deyim ki, akrobatikanın yerinə istənilən idman növü olsaydı da məşğul olacaqdım. Bu növdə məşqçim Hacıbaba Ağayev oldu. O, akrobatika üzrə SSRİ idman ustası idi. Qeyd edim ki, sonralar Hacıbaba müəllim Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) kafedra müdiri işlədi. Pedaqoji elmlər namizədi, professor idi. Bir ay məşq edəndən sonar məşqlərimizi Səbail rayonu 7 saylı orta məktəbin qarşısında yerləşən Şəhər Uşaq-Gənclər İdman Məktəbində keçməyə başladıq. Əvvəlcə tək, sonra cüt və dörd nəfərlik qrup halında çıxışlarda iştirak edirdim. Akrobatikaya marağım getdikcə artırdı. Təsəvvür edin ki, adının mənasını belə bilmədiyim bu növdə idman ustalığına namizəd proqramı ilə çıxış etməyə başladım. İki dəfə respublika və Bakı birinciliyinin qalibi oldum. 1969-cu ildə məktəblərarası spartakiadaya getməli idim. Lakin yığmanın məşqçisi ilə aramızda yaranan narazılığa görə bu idmandan uzaqlaşdım.
- Eşitdiyimizə görə, rəssamlığa həvəsiniz böyük olub. Bəs bu sənəti niyə davam etdirmədiniz?
- Bəli. Akrobatika ilə yanaşı, Yuri Qaqarin adına Pionerlər evində rəssamlıq bölməsinə yazılmışdım. Rəssamlığa böyük həvəs göstərirdim. Akrobatika, rəssamlıqla paralel olaraq, 1966-cı ildən boks bölməsinə də yazılmışdım. Aydındır ki, bütün bunlara vaxt çatdırmaq qeyri-mümkün idi. Bu 3 bölmədə məşğələlər mənim dərsə davamiyyətimə və qiymətlərimin aşağı düşməsinə səbəb oldu. Atam mənə dedi ki, eyni vaxtda bir neçə iş görə bilməzsən. Hansına daha çox həvəsin var onunla da məşgul ol. Məhz buna görə də 1969-cu ildən ancaq boksla məşğul olmağa başladım. Həmin dövrdə Bakı və respublika birinciliyinin qalibi oldum. Boksda ilk məşqçim Mirzə Qafarov olub. Sonradan yaşayış yerimizi dəyişməklə əlaqədar olaraq məşqçim ağır çəkidə uzun müddət uğurla çıxış etmiş SSRİ-nin Fəxri idman ustası məşhur boks mütəxəssisi Nadir Abbasov olmuşdu. 1973-cü ildən isə Bədən Tərbiyəsi İnstutunda təhsil alanda məşqçim SSRİ idman ustası, ADBTİA-nın kafedra müdiri, dosent Hacı Məmmədov oldu.
- Bildiyimizə görə ailə həyatınızı tələbəlik illərində qurmusunuz.
Mənim idmana ola marağım hədsiz idi. Gələcəyimi idmansız təsəvvür etmirdim. 2 illik həqiqi hərbi xidməti başa vurduqdan sonra 1973-cü ildə Bədən Tərbiyəsi İnstitutuna daxil oldum. Yeri gəlmişkən, deyim ki, institutu əla qiymətlərlə bitirmişəm. Tələbəlik illərində boks üzrə yığma komandanın üzvü olduğuma görə, məni heç vaxt tələbə inşaat dəstəsinə aparmayıblar. Ali məktəbdə boksla ciddi məşğul olurdum. 1973-cü ildə Qırğızıstanın paytaxtı Frunze şəhərində "Spartak” İC Mərkəzi Şurasının SSRİ birinciliyi keçirildi və mən həmin yarışda üçüncü oldum. Bundan başqa, bir sıra ümumittifaq və respublika yarışlarında da uğurlar qazandım. Üçüncü kursu bitirdikdən sonra ailə həyatı qurdum. 1976-cı ildə atam rəhmətə getdiyinə görə əyani təhsil almaqla bərabər işləməyə məcbur oldum. 1977-ci ildə ilk övladım - oğlum dünyaya gəldi. Aldığım 56 manat əlaçı təqaüdü ilə yaşamaq çox çətin idi. Buna görə əyani təhsil ala-ala 2-ci və 3-cü növbə Bakı karton tarası fabrikində işləməyə başladım.1977-ci ildə ali təhsili başa vurduqdan sonra institutda məni müəllim saxladılar. Etiraf edim ki, burada işləyərkən maddi vəziyyətim o qədər də yaxşı deyildi. Aldığım məvacib ailəmi saxlamağa azlıq etdiyinə görə institutdan çıxıb daha yüksək maaşlı iş axtarmağa məcbur oldum. Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində baş təlimatçı-müəllim işləməklə bərabər Pedaqoji institutda (V.İ.Lenin adına APİ) və Şəhər Uşaq Gənclər İdman Məktəbində boks məşqçi-müəllim kimi fəaliyyət göstərməyə başladım. Rəhbərliyin mənə inamı sayəsində 7 illik iş fəaliyyətim zamanı boks, ağırlıqqaldırma, qılıncoynatma, velosiped idmanı üzrə bir sıra ümumittifaq səviyyəli yarışların keçirilməsinə nail oldum.
-Yəqin ki, boks hərbi xidmət dövründə də köməyinizə çatıb.
- 1969-cu ildə orta məktəbi bitirdim. Bir il sonra hərbi xidmətə getdim. Bakıda məni idman tağımına götürürdülər, amma mən Azərbaycandan kənarda hərbi xidmətdə olmaq, dünyagörüşümü artırmaq istəyirdim. Nəticədə, Moskva vilayətinin Çexov şəhərində ordu sıralarında xidmət etdim. Rusiyanın boks üzrə yığma komandasının ən böyük boks bazası məhz bu şəhərdə yerləşirdi. Hərbi xidmətdə olarkən məşqlərə ara vermədim. Hərbi hissədə boksçu yox idi. Mənə məşq etmək üçün yaxşı şərait yaradılmışdı. Özüm boksla məşğul olmaqla bərabər, həm də xidmətdə olan əsgərlərə məşq keçirdim. Hərbi xidmətdə olduğum illərdə iki dəfə Moskva hərbi dairəsinin çempionu oldum. O dövrlərdə yetirmələrimdən biri ikinci, üçü isə üçüncü yerə çıxdı. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, boksun nə olduğunu bilməyən əsgərləri belə, əsil boksçu kimi yetişdirə bilmişdim. Xidmətdən qayıtdıqdan sonra "Dinamo” İdman Cəmiyyətində fəxri idman ustası, ağır çəki dərəcəsində dəfələrlə Azərbaycan çempionu, professor Nadir Abbasovun rəhbərliyi altında məşq etməyə başladım. 1972-ci ildə Tallin şəhərində təşkil olunan yarışda üçüncü yerə layiq görüldüm.
- Azərbaycanda ilk boks məktəbi yaradıldı və ilk direktoru da Siz oldunuz. Bu barədə bir qədər ətraflı danışardınız.
- Bir gün "Məhsul” İC Respublika Şurasının sədri mərhum Şövkət Orduxanov məni öz yanına çağırdı. Şövkət müəllim mənə idman məktəbinin direktoru işləmək vəzifəsini təklif etdi. Həmin məktəbdə boksdan başqa 17 idman növü üzrə məşqlər keçirilirdi. Düzü, edilən təkliflə əvvəlcə razılaşmadım. Bir aydan sonar Şövkət müəllim ikinci dəfə məni yanına çağırdı və dedi ki, boks üzrə yeni məktəb açırıq və səni həmin məktəbə direktor vəzifəsinə dəvət edirəm. Bu təklif məni təəccübləndirdi. Çünki o vaxt respublikada boks məktəbi yox idi və bu məktəbi yaratmaq üçün maddi- texniki baza, idman avadanlıqları olmalı idi. Şövkət Orduxanov bildirdi ki, sən razılıq versən, lazım olan şərait yaradılacaq. Yasamal rayon 13 saylı məktəbin akt zalını göstərdilər və dedilər ki, bura boks zalı olacaq. Düzü, tərəddüd içində qalmışdım. Çünki məktəb yaratmaq üçün xeyli maddi vəsaitə ehtiyac duyulurdu. Amma mən boks məktəbinin fəaliyyətə başlamasını çox istəyirdim. Nəhayət, bütün məsələlər həll olundu və 1984-cü ildə Azərbaycanda ilk yaradılan boks məktəbinin (Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbi) direktoru təyin edildim.
- Fəaliyyətiniz təkcə paytaxtı əhatə edirdi?
- Direktor təyin olunduqdan sonra məktəbə 17 məşqçi dəvət etdim. İstəyirdim ki, bölgələrimizdə də boksun inkişafı üçün hər cür şərait yaradılsın. "Məhsul” İC Respublika Şurasının idman məktəbləri şöbəsinin müdiri Vaqif Əliyevin yaxından köməkliyi nəticəsində bölgələrdə boksun təbliği üçün məktəbin filiallarını açmağa müəssər olduq. Gəncə, Sumqayıt, Lənkəran, Astara, Cəlilabad, Quba, Qax, Biləsuvar, Siyəzən, Tovuz və s.şəhər və rayonlarda ümumilikdə 17 rayon boks məktəbinin filiallarını təşkil etdik. Bir sözlə, boksun inkişafı üçün əlimdən gələni əsirgəmirdim. İllik məşq prosesinin davamı üçün yay aylarında Lənkəranda pioner düşərgəsini icarəyə götürüb idmançılarımızın təlim-məşq prossesini davam etdirirdim. Bu işlərin təşkil olunmasında Lənkarandan olan yerli məşqçim Əməkdar məşqçi Əlizadə Əsədov mənə çox kömək edirdi. Bu bölgənin təmiz havası həm məşq prosesinə, həm də idmançıların sağlamlığına müsbət təsir göstərirdi. Növbəti mövsümdə düşərgədə hazırlıq keçən boksçularım respublika və ümumittifaq səviyyəli yarışlarda yüksək nəticələr göstərdilər. Mən məktəbin direktoru kimi rəhbərlik qarşısında vəsadət qaldırırdım ki, "Məhsul” cəmiyyətinin Respublika şurasının birincilik və çempionatları bölgələrdə keçirilsin. Bölgələrdə keçirilən yarışlar qabağı mən həm məşçilər, həm də boks hakimləri üçün seminarlar keçirirdim. Bunun sayəsində rəhbərlik etdiyim məktəbin boksçuları respublikanın bütün yaş qrupu üzrə birincilik və çempionatlarında komanda hesabında birinci olmaqla bərabər 11-13 çəki dərəcəsindən 9-11-ində birinci olurdular.
- Həmin məşqçilər arasında hansı mütəxəssislərin adını çəkə bilərsiniz?
- Sumqayıtdan yığma komandanın keçmiş baş məqçisi mərhum Məmməd Eyvazov, Pekin- 2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranovun məşqçisi Eldar Əbilov, Gəncədən hal-hazırda Türkiyədə məşqçi işləyən, Azərbaycanda ilk beynəlxalq dərəcəli idman ustası Oqtay İbrahimovun məşqçisi Çingiz Məmmədov, Lənkərandan SSRİ çempionu Zahid Mehtiyevin məşqçisi Əlizadə Əsədov, Sumqayıtdan Əsgər Eyvazovu qeyd edə bilərəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Uşaq- Gənclər İdman Məktəbi Azərbaycanda özünəməxsus yer tuturdu. İttifaq miqyasında keçirilən yarışlarda uğurlu çıxış etdiyimizə görə, bizim məktəbə Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbi statusu verilmişdi. Bundan sonra maddi texniki bazamız daha da yaxşılaşdı.
- Məktəbin yetirmələri hansı uğurları ilə yadda qalıblar?
- Dediyim kimi, Həmkarlar İttifaqının təşkil etdiyi birinciliklərdə müntəzəm çıxış edir və mükafata layiq yerlər tuturduq. Yetirmələrimizdən Qurbanxan Məhərrəmov Həmkarlar İttifaqının birinciliyində çempion tituluna sahib olub. İmran Bayramov və Rafiq Muradov II, Hüseyn Məmmədov isə III yerə çıxıblar. Məktəbimizin ən böyük uğurlarından biri Oqtay İbrahimovun SSRİ çempionu olması ilə bağlıdır. Gəncə boks məktəbinin yetirməsi olan (məşqçisi Azərbaycan əməkdar məşqçisi Çingiz Məmmədovdur. O, hal- hazırda Türkiyədə yeniyetmələr üzrə yığma komandada məşqçi işləyir.) Oqtay həmin illərdə Kubada keçirilən beynəlxalq turnirdə qalib gəldi və Azərbaycan boksu tarixində ilk dəfə olaraq beynəlxalq dərəcəli idman ustası normasını yerinə yetirdi. 1985-ci ildə Bakıda keçirilən SSRİ kənd idman oyunlarında 15 respublikanı təmsil edən komanda mübarizə aparırdı. Azərbaycan yığması bütün görüşləri yüksək səviyyədə keçirərək komanda hesabında birinci yerə çıxdı. Sovetlər birliyi vaxtında idman məktəblərinin göstərdikləri nəticələrə görə müvafiq qurumlar tərəfindən onların işi qiymətləndirilirdi. 1985-ci ildə mənim rəhbərlik etdiyim OEUGİM ittifaqda olan 301 məktəb arasında 4-cü nəticə göstərdi. Respublikada isə 1-ci oldu.
- Bir mütəxəssis kimi uşaqlarını idman cəlb edən valideynlərə nə məsləhət görürsünüz?
- Belə halla çox rastlaşıram. Məndən məsləhət alan valideynlərə heç vaxt birbaşa cavab vermirəm. Əvvəlcə onlara deyirəm ki, uşağı gətir baxım görüm, onun fiziki imkanları necədir. Çoxillik təcrübəmə əsaslanıb deyirəm ki, bir uşağı yalnız onun potensialına cavab verə biləcək idman növünə qoymaq lazımdır. Bədən quruluşu elastik olan bir uşağın boks və ağırlıqqaldırma ilə məşğul olması məsləhət deyil. Əgər düzgün seçim aparılsa, həmin uşaq məsləhət görülən idman növündə uğur qazana bilər. Bir mütəxəssis kimi, bu tövsiyələrimdə heç vaxt yanılmamışam. Valideynlərə tövsiyəm odur ki, oğlanlarını və qızlarını idman bölmələrinə yazdırsınlar. Ola bilər ki onların uşaqları gələcəkdə böyük idmançı olmayacaq. Lakin onlar sağlam, ölkəmizə gərəkli vətəndaş kimi böyüyəcəklər. Bunu mən əminliklə deyirəm.
- Nazir müəllim, ədəbiyyata, şeiriyata, incəsənətə maraq sizə hardan qaynaqlanıb?
- Əvvəla onu deyim ki mənim orta məktəbdə dil ədəbiyyat müəllimlərim bu sahəni mənə sevdirə biliblər. Bakı idman komitəsində çalışdığım dövrdə mütəmadi olaraq " İdman”, "Bakı”,”Azərbaycan gənclər” və sair qəzetlərlə əməkdaşlıq edirdim.Onlar üçün idman yarışlarının nəticələrini məqalə formasında yazıb təqdim edirdim və əvəzində yaxşı qonorar alırdım (gülür). Bu qonarar mənim gənc ailəmin büdcəsinə xeyli kömək edirdi. Sözün düzü, elə mən kiçik yaşlarımdan çox mütaliə edirdim. Hələ idmana gəlməmişdən qabaq mən günümü saatlarla kitabxanaların oxucu zalında keçirirdim. Bu da azlıq edirdi. Kitabxanalardan oxumaq üçün xeyli kitab alıb evə gətirib, mütaliə edərdim. Şeir yazmaq qabiliyyətim yoxdur. Ancaq şeir dinləməyin dəlicəsinə aşiqiyəm. Evdə də öz şəxsi kitabxanamda xeyli Azərbaycan şairlərinin şeir kitabları var.
Rəssamlarımızın və heykəltaraşlarımızın əsərlərinə mən baxanda ruhən dincəlirəm. 1998-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin xətti ilə keçirilən "Olimpiya ,İncəsənət və idman” müsabiqələrinin yerli mərhələlərini təşkil edib keçirmişəm. Elə buna görə rəssamlar və heykəltaraşlarla dostluq əlaqələrim var. Hərdən çox yorğun olanda dostluq əlaqələrim olan rəssamlara və heykəltaraşlara zəng edib onların emalatxanalarına gedirəm. Orada onların əsərlərinə baxanda xeyli dincəlirəm. Mən o əsərləri sevirəm və bəyənirəm ki, onlar məni düşündürə bilir. Rəssamın bu əsərdə nə demək istədiyini tapmağa çalışıram. Bundan zövq alıram. Musiqini, xüsusilə muğamlarımızı çox sevirəm. Alim Qasımovun, Səxavət Məmmədovun, Əlibaba Məmmədovun, Ağaxan Ağayevin ifasında səslənən muğamlarımızı çox sevir və hər gün dinləyirəm. Tar, kamança, qarmon, klarnet ifalarına qulaq asmaqdan zövq alıram.
- Yubiley ərəfəsindəsiniz. Həyatınız idmanla əhatələnib. Bu seçiminiz Sizin həyatınızda böyük bir dönüş edib. Bir sözlə, idman sizə nə verib?
- Bir neçə gündən sonra 70 yaşım tamam olacaq. Özümü çox sağlam hiss edirəm. Nəvələrimlə birlikdə idman edirəm. Onlarla birlikdə basketbol oynayıram, velosiped sürürəm. Onları həvəsləndirirəm. Çeviklik və fiziki güc əvvəlki kimi yerindədir. Sağlam həyat tərzi yaşayıram. Bu vaxta qədər spirtli içki və tütündən uzaq durmuşam. Övladlarım da bu vərdişlərdən uzaqdırlar. Bizim evdə içki qədəhi və külqabıya rast gəlmək olmaz. Ola bilər ki, sağlam və gümrah qalmağımın bir səbəbi də budur. Ailəmdə formalaşdırdığım düzgün təlim-tərbiyə əsas meyarlardan biridir. Gözəl ailə yaşamaq üçün əsas şərtdir. Arxada qoyduğum bu illər ərzində Azərbaycan idmanın inkişafında, uşaq və gənclərimizin fiziki cəhətdən sağlam böyüməsində əməyim olubsa, buna görə özümü xoşbəxt sayıram.
- Nazir müəllim, yaxşı olardı ki, ailəniz, övladlarınız barədə məlumat verərdiniz.
- 1976-cı ildə ailə qurmuşam. Həyat yoldaşım ixtisasca həkim-terapevtdir. Azərbaycan Tibb Unversitetinin məzunudur. Hazırda həkim işləyir. 2 oğlum, 1 qızım var. Hər 3-ü ali təhsillidir. 3 nəvəm var. Murad 10-cu sinifdə, Elmir 4-də, Şükufə isə 2-ci sinifdə təhsil alır Hər üçü dərs əlaçılarıdır. Məni yaşadan, sevincimə rəng qatan nəvələrimdir. Allah bütün babalara ağıllı nəvələr qismət eləsin. Hesab edirəm ki, cəmiyyətimizə sağlam, layiqli övladlar yetişdirmişəm.
- Nazir müəllim, işdənkənar vaxtınızı necə keçirirsiniz.
- Ümumiyyətlə, mənim demək olar ki, boş vaxtım olmur. Həyətdə ağaclara qulluq etmək, toyuq-cücəyə baxmaq,evdə icrası tələb olunan işləri görməkdən həzz alıram. Axşam, üstü həyətdə idman hərəkətləri edirəm. Televizora ancaq xəbərlər proqramına və bir də muğam konsertləri və verlişləri olanda baxıram. İnternet və mobil telefon da bizim həyatımıza güclü nüfuz edib. İdman, siyasət, gündəlik hadisələr və xəbərlərlə bağlı son məlumatları sosial şəbəkələr vasitəsi ilə alıram. "Olimpiya dünyası” qəzetinin hər buraxılışını əvvəldən axıra kimi oxuyuram. İdman saytlarını izləyirəm. Sözün düzü, roman, povest və s. oxumağa vaxtım imkan vermir. Son vaxtlar hüquqşünas Ələmdar Məmmədovun "Prokuror”, Mobil İsmayılovun "Qo-o-o-ol”, Murad Qocuoğlunun "Bir az gecikəndə” şeirlər kitabını oxumuşam. Və bu kitablar mənim stolüstü kitablarımdır. Bundan başqa, hər gün sübh namazından sonar müqəddəs kitabımız "Qurani-Kərimi”n azərbaycan dilindəki tərcüməsini oxuyuram. Mən Allahımdan çox razıyam. Mənə hər şey verib. Sağlam ailəm, gözəl tərbiyəli balalarım, başımın tacı nəvələrim vardır. Şükür Allaha hələ ki sağlamlığımdan ciddi şikayətim yoxdur. Yeganə problemim vaxtla, zamanla bağlıdır. Vaxtın azlığından şikayətim var. (gülür)
- Nazir müəllim, Həcc ziyarətində olmusunuz. Həmin anları necə xatırlayırsınız?
- Tanrı mənə belə bir imkanı iki dəfə nəsib edib. Həmin anları sözlə ifadə etmək çətindir. Bildiyiniz kimi, Həcc Allahın vacib bildiyi 5 əməldən biridir. Bunları bilmək hər bir müsəlman üçün vacibdir. 5 əməl bunlardır: 1. Kəlmeyi şəhadəti bilmək, 2.Namaz qılmaq, 3.Oruc tutmaq, 4.Həcc ziyarətinə getmək və sonuncu 5-ci əməl Zəkat vermək.
Ümumiyyətlə, Həcc nədir? Həcc sözünün lüğəti mənası hörmət və ehtiramla layiq bir yeri ziyarət etməkdir. Hər il Həccin icrası üçün dünyanın hər bir guşəsindən milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək, saflaşmaq məqsədi ilə müqəddəs torpaqda Kəbənin ətrafına toplaşır və dua edərək, günahlarının bağışlanmasını diləyir. Həcc ziyarətindən sonra insan daxilən daha rahat olur. Elə bil hər şeyə yenidən başlayır, saflaşır və yüngülləşirsən. Həyata və insanlara olan baxışın daha da dəyişir, etdiyin səhvləri bir daha təkrarlamırsan. Ümumiyyətlə, Həcc ziyarətinə getməsən də belə, insanlıq hissini daim əsas götürməlisən. Kiminsə haqqına girib, nahaq işlər görməməlisən. Belə olanda insanın özünə qarşı məsuliyyəti artır. Oruc İslamın vacib şərtlərindən biridir. Ramazan nədir? Ramazan nəfsi tərbiyə edir. İmkanlı müsəlman oruc olanda çəkdiyi aclıq ilə kasıblara qarşı onlarda mərhəmət hissi yaranır.
Mənim yubileyimin bu müqqədəs Ramazan ayına təsadüf etdiyi üçün özümü çox xoşbəxt hesab edirəm.
P.S. Nazir müəllimi 70 illik yubileyi münasibətilə "Olimpiya dünyası” qəzetinin çoxsaylı oxucuları adından ürəkdən təbrik edir, ona Allah Talanın qismət etdiyi ömrü sağlam, cansağlığı ilə, mənalı yaşamağı arzulayırıq.
Nazir Rəhimov: “Ömrümün 57 ilini idmana həsr etmişəm”