Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva 11 fevral 2013-cü il tarixində Avropa Olimpiya Komitəsi (AOK) nəzdində yeni yaradılmış "İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü seçilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey tərəfindən MOK-un nümayəndəsi Könül xanıma ünvanlanan məktubda qeyd edilir ki, bu haqda qərar AOK-nin İcraiyyə Komitəsi tərəfindən verilmişdir. AOK-nin vitse-prezidenti Aleksandr Kozlevskinin rəhbərlik edəcəyi yeni yaradılmış komissiyanın fəaliyyətində Könül Nurullayev ilə yanaşı, İspaniya və Böyük Britaniya Olimpiya komitələrinin vitse-prezidentləri, Polşa, Makedoniya, Türkiyə və Fransa milli Olimpiya komitələrinin baş katibləri iştirak edəcəklər. Məlumat üçün bildirmək istərdik ki, Olimpiya oyunlarının təşkili və idarə edilməsində uzun müddətli təcrübəyə malik olan Könül Nurullayeva Bakı-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi məsul vəzifələri tutmuşdur. Bundan əlavə, Könül Nurullayeva İslam Qadın və İdman Federasiyalarının I Komitəsinin üzvüdür.
Qeyd etmək lazımdır ki, 1975-ci ildə təsis edilmiş və hazırda 49 ölkənin Milli Olimpiya Komitəsini özündə birləşdirən Avropa Olimpiya Komitəsinin nəzdində "Olimpiya oyunları Beynəlxalq Əlaqələr”, "Gənclər və İdman”, "Olimpiya Mədəniyyəti və Təhsil” və s. Beynəlxalq komissiyalar fəaliyyət göstərir. MOK nümayəndəsi Avropa Olimpiya Komitəsi nəzdində yaradılmış komissiyanın üzvü olan ilk azərbaycanlı qadındır. Könül Nurullayevanın AOK nəzdində yaradılmış beynəlxalq komissiyanın üzvü seçilməsi Azərbaycan Milli Olimpiya Komitəsi, eyni zamanda, Azərbayan idmanı tarixində yeni bir nailiyyətdir.