İyunun 11-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin altıncı turunun oyunları keçirilib. Rumıniyada keçirilən turnirin növbəti turunda qrossmeysterimiz ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız 40-cı gedişdə rəqibini təslim olmağa məcbur edib. Teymur Rəcəbov isə yerli şahmatçı Boqdan-Daniel Dyakla heç-heçə edib. Turun digər oyunlarında Rumıniyanın daha bir təmsilçisi Konstantin Lupulesku Aleksandr Qrişuka (Rusiya) məğlub olub. ABŞ təmsilçisi Uesli Sonun niderlandlı Aniş Giri ilə oyunu davam edir. Onun həmyerlisi Fabiano Karuana isə fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə oynayıb.
Qeyd edək ki, Ş.Məmmədyarov 4 xalla turnir cədvəlində A.Qrişukla ilk iki pilləni bölüşür.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.