İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşınadək boksçular arasında Avropa çempionatı keçirilir. 41 ölkənin boksçularının iştirak etdikləri yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar. Komandamız turnirdə 7 idmançı ilə təmsil olunub. Yarışların ikinci günündə Azərbaycan millisinin iki üzvü qüvvəsini sınayıb. Birinci görüşdə gürcüstanlı Uça Jorjolianiyə qalib gələn Ruslan Rüstəmov (64 kq) 1/8 finalda rusiyalı Maqomed Şamsayev ilə qarşılaşıb. Boksçumuz bu döyüşü də qələbə ilə başa vurub – 4:1. O, dörddəbir finalda erməni əsilli Almaniya təmsilçisi David Gevorqyan ilə qarşılaşacaq. Döyüş iyunun 21-də təşkil olunacaq.
Mirəşrəf Kazımzadə (75 kq) isə yarışa Gürcüstanı təmsil edən erməni əsilli Arşak Yelizbaryanı məğlub etməklə başlayıb. O, səkkizdəbir finalda macarıstanlı Robert Cservenkadan üstün olub - 5:0. M.Kazımzadə iyunun 21-də dörddəbir finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.
Bu gün daha beş boksçumuz səkkizdəbir final qarşılaşmasına çıxacaq.
Turnirin final görüşləri iyunun 24-də təşkil olunacaq.