Milyonlarla azarkeşin səbrsizliklə gözlədiyi Tokio-2020 Yay Olimpiya Oyunlarına təxminən bir aydan bir qədər çox vaxt qalır. Yay Olimpiya Oyunları yaxınlaşdıqca lisenziya xarakterli turnirlər də başa çatır. Günlər bir-birini əvəzlədikcə 4 illiyin zirvə yarışlarında təmsil olunan idmançıların adlarına aydınlıq gəlir. Bu yaxınlarda boks idman növü üzrə Avropa Olimpiya təsnifat turnirinə yekun vuruldu və bu idman növü üzrə “gündoğar ölkə”nin rinqində mübarizə aparacaq ən güclü dəri əlcək ustalarının adları müəyyənləşdi. Tokio-2020-yə lisenziya qazanan idmançılar arasında Azərbaycan boksçuları da var. Komandamız budəfəki olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Bunlar Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevdir (+91 kq).
Bu günlərdə boks üzrə kişilərdən ibarət yığma komandamızın böyük məşqçisi Nəriman Abdullayev redaksiyamızın qonağı oldu. Parisdə keçirilən Avropa Olimpiya təsnifat turnirində boksçularımızın lisenziya qazanmasından danışan müsahibimiz eyni zamanda, idmançılarımızın Tokio-2020-yə hazırlıq səviyyəsini və şanslarını da qiymətləndirdi.
- Nəriman müəllim, boks üzrə millimiz uğurla çıxış edərək Tokio-2020-də iştirak hüququ qazandı. İdmançılarımızın çıxışlarını necə qiymətləndirirsiniz?
- Parisdəki Avropa Olimpiya təsnifat turnirinə qələbə əzmi ilə yollanmışdıq. Amma etiraf edim ki, bir qədər həyəcanlı idik. Bildiyiniz kimi, İngiltərədə keçirilən Avropa Olimpiya təsnifat turniri pandemiyaya görə yarımçıq dayandırılmışdı. Həmin yarışda yalnız Tayfur Əliyev lisenziya qazanmışdı. Beləcə, Parisdəki yarışa qədər bir lisenziyamız var idi ki, bu da bir qədər zəif göstərici idi. Çünki boksçularımız bundan əvvəlki Rio Olimpiadasından iki medalla qayıtmışdılar. Bu səbəbdən də bir lisenziya bizim üçün uğursuz nəticə sayılırdı. Bundan əlavə, AİBA çəki dərəcələrini 8-ə endirib. Qeyd etdiyim bu kimi amillər komandada bir qədər gərginlik və həyəcan yaradırdı. Düzünü deyim ki, belə bir gərginlikdə bu yarışın Fransada keçirilməsi məndə bir qədər psixoloji narahatlıq yaradırdı. Buna baxmayaraq, düşünürdüm ki, biz Fransada ən azı 3 lisenziya qazana bilərik. Amma hər şey biz istədiyimizdən və düşündüyümüzdən daha yaxşı oldu. Boksçularımız gözəl döyüş nümayiş etdirərək daha 4 lisenziya qazandılar. Düzdür, yarış başqa dövlətdə olsa idi, bu nəticəyə inanardıq. Amma turnirin Fransada təşkil olunması bizdə ciddi narahatlıq yaradırdı. Şükür Allaha hər şey yaxşı oldu.
- Hansı məqamlardan razı, hansılardan narazı qaldınız?
- Ümumilikdə götürdükdə boksçularımız döyüşləri çox yaxşı keçirdilər və təmiz qələbələr qazandılar. Komandamızın üzvü Cavid Çələbiyev ikinci döyüşündə fransalı boksçu ilə qarşılaşdı. Əlbəttə, rəqib fransalı boksçu olmasa idi, bu döyüşdə də qələbə bizə verilə bilərdi. Qeyd edim ki, həmin idmançı ötən olimpiadada və dünya çempionatında mükafatçılar sırasında yer almışdı. Fikrimcə, Cavid fransalı döyüşçüyə uduzmamışdı, görüş bərabər səviyyədə keçmişdi. Amma buna baxmayaraq Cavid Çələbiyev lisenziya qazandı. Komandamızın digər üzvü Məhəmməd Abdullayev də çox gözəl çıxış etdi. Düzdür, ağır çəkidə yarışsa da, boyu o qədər də uzun deyil. Amma o, çox gözəl texnika sayəsində qələbə qazanaraq olimpiadaya lisenziyanı təmin etdi. Təəssüf ki, idmançımızın qaşı zədəndiyinə görə həkim ona yarışı davam etdirməyinə icazə vermədi və o, bürünc medalla kifayətləndi.
Komandamızın digər üzvü legioner idmançımız Alfonso Dominqes də uğurla çıxış edərək Tokio-2020-yə lisenziya qazandı. Alfonso döyüşlərini çox gözəl qələbə ilə bitirdi. Onun gözəl texnikası var. Həmin texnikanı Parisdə də nümayiş etdirərək qələbə qazandı. Bütövlükdə boksçularımız özlərini doğrultdular və yaxşı çıxış etdilər.
- Zədəyə görə iki idmançımız döyüşə çıxa bilmədi. Boksçularımızın hazırkı durumu nə yerdədir?
- Həm Lorenzo Sotomayorun, həm də Məhəmməd Abdullayevin qaşı partladığı üçün mübarizəni sona qədər davam etdirə bilmədilər. Düzdür, onlar özləri döyüşmək istəsələr də, həkimlər yarışı davam etdirməyə icazə vermədilər. Boksçularımızın hazırkı vəziyyəti yaxşıdır. Bu, o qədər də böyük bir problem deyil. Yaxın günlərdə onların bu zədəsi sağalacaq.
- Boksçumuz Parisdə erməni əsilli idmançı ilə qarşılaşdı. Belə bir vəziyyətdə ona necə psixoloji təsir göstərdiniz?
- Sizə deyim ki, həmin vaxtı yaxşı ki, zalda azarkeş yox idi. Ona görə də problem olmadı. Düzünü deyim ki, biz həmin vaxt gərginlik içərisində idik. Sotomayora başa saldıq ki, bu ermənidir, bu döyüşdə mütləq qələbə qazanmaq lazımdır. İdmançını çox sıxanda psixoloji gərginlik keçirə bilər. Amma başqa çarəmiz yox idi. Onu bir qədər sıxdıq və nəticədə Sotomayor erməni əsilli idmançı üzərində parlaq qələbə qazandı.
- Olimpiadaya yollanacaq idmançılarımızın vaksinasiya prosesinə başlanılıb. Boksçularımız necə, peyvənd olunublarmı?
- Düzünü desəm bu məsələ bir qədər problemlidir. Boksçularımızın bəziləri bu xəstəliyi keçirdikləri üçün onlara vaksin vurmaq olmaz. Mənimlə yanaşı, Məhəmməd Abdullayev də vaksinasiya prosesindən keçib. Komandamızın digər üzvü Tayfur Əliyev virus keçirdiyi üçün hələ ki ona vaksin vurulmayıb. Amma yəqin ki, bu məsələ öz həllini tapacaq.
Hansı boksçu qalıbsa, onlar da vaksinasiya olacaqlar.
- Komandamız olimpiada ərəfəsi yekun hazırlıq prosesini necə və harada keçəcək?
- Qeyd edim ki, Fransa turnirindən əvvəl biz Özbəkistanda təlim-məşq toplanışında idik. Bildiyiniz kimi, özbək boksçuları bu gün liderlər sırasındadırlar. Həmin boksçular Asiya çempionatına hazırlaşırdılar. Onlar Asiya çempionatında çoxlu sayda qızıl medal qazanaraq, komanda hesabında birinci yerə çıxdılar. Biz həmin boksçularla birgə təlim-məşq toplanışı keçirdik. Hazırlıq prosesi çox yüksək səviyyədə idi. Həmin hazırlıq prosesinin bizə böyük köməyi oldu və onun bəhrəsini Fransada gördük. Etiraf edim ki, Bakıda bizim imkanlarımız məhdud idi. Zallar bağlı olduğuna görə məşqlərimizi açıq hava şəraitində keçirdik. Bu isə qətiyyən həmin effekti vermirdi. Amma Özbəkistanda dünya çempionları ilə sparinq şəklində məşqlərimiz oldu. İdmançılarımız hazırlıq səviyyələrini artırdılar. Bu hazırlıq bizə çox böyük təkan verdi.
Bir-iki günə harada hazırlıq prosesi keçəcəyimiz barədə qərar veriləcək. Hələ ki, komandanın üzvlərinə istirahət verilib. Hələlik yarışlara Bakıda hazırlaşacağıq. Bir neçə variant var, amma müzakirə olunmuyub. Bakıda bir neçə günlük məşq keçib, sonuncu hazırlıq mərhələsini başqa ölkədə keçəcəyik. Yaxşı nəticə üçün mütləq boksçularımız başqa komanda ilə hazırlıq keçməlidirlər.
- Son olaraq, keçək ənənəvi suala. Boksçularımız son olimpiadalarda mükafatçılar sırasında yer almağı bacarıblar. Sizcə, bu olimpiadada boks yığmamız hansı nəticəyə nail ola bilər?
- Düzü, bu çətin sualdır. Bu barədə düşünmək hələ tezdir. Amma boksçularımızdan gözləntilərimiz çoxdur. Yığmamızın hər bir üzvünə inanıram. Ən əsası onlar yüksək hazırlıq keçiblər. Allahın köməkliyi ilə bu olimpiadada iki medala nail ola bilərik.