Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi keçirilir. Dördüncü yarış günündə Azərbaycan millisinin 5 üzvü rinqə çıxıb. Belə ki, səkkizdəbir final mərhələsi çərçivəsində təşkil olunan qarşılaşmada Fərhad Şeydayev (63 kq) Martin Rusnakla (Çexiya) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. O, dörddəbir finalda israilli Adham Kayoufla qarşılaşacaq.
Ziya Həsənovun (66 kq) da ilk görüşü uğurlu alınıb. Boksçumuz Valentin Volokova (Moldova) heç bir şans verməyib – 5:0. Həmyerlimiz dörddəbir finalda gürcüstanlı Mehman Namazovu sınağa çəkəcək. Boksçularımızdan Eldar Əsədli (+80 kq) isə səkkizdəbir finalda ilk raundda Bəyazit Atilir (Türkiyə) üzərində texniki qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Aleksandr Zelinski (Ukrayna) ilə qarşılaşacaq.
Komanda yoldaşlarından fərqli olaraq Fuad Babayev (60 kq) və Lətif Həsənov (70 kq) məğlub olublar. Onlar müvafiq olaraq, Paulius Bublis (Litva) və Maksim Naumova (Ukrayna) uduzublar.
Qeyd edək ki, bundan əvvəl yığmamızın üzvləri Kənan Babayev (48 kq) və Məhəmmədəli Qasımzadə (54 kq) də uğurla çıxış edərək dörddəbir finala yüksəliblər.
Dörddəbir final mərhələsinin görüşləri iyulun 8-də, final görüşləri iyulun 11-də baş tutacaq.
Qitə birinciliyində 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparır.