Tokio-2020 XXXII Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın 15-ci günü Azərbaycan komandası üçün əlamətdar olub. Belə ki, Tokio-2020-nin karate yarışında 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev komandamıza gümüş medal qazandırıb. Bununla da medal sıralamasında 8 pillə irəliləyən Azərbaycan komandası olimpiadada 1 gümüş və 3 bürünc medalalla Monqolustanla birlikdə 69-cu sıranı bölüşdürür. Tokio Olimpiadasında ümumilikdə 293 dəst medala 89 ölkənin idmançıları yiyələniblər. Medal sıralamasına yenə də Çin komandası başçılıq edir. Asiyalıların aktivində 79 (36 qızıl, 26 gümüş, 17 bürünc) medal var. ABŞ millisi isə 98 (31 qızıl, 36 gümüş, 38 bürünc) medulla ikinci pillədə qərarlaşıb. Ev sahibi Yaponiya komandası isə 3-cüdür. “Gündoğar ölkə” təmsilçisinin aktivində 24 qızıl, 11 gümüş və 16 bürünc medal var.
Tokio-2020: Azərbaycan 8 pillə irəlilədi