Çinin paytaxtı Pekində təşkil olunan XIII Qış Paralimpiya Oyunlarına yekun vurulub. 46 ölkədən təxminən 564 paralimpiyaçının mübarizə apardığı budəfəki yarış ölkəmiz üçün də əlamətdar olub. Belə ki, komandamız tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında təmsil olunmaq hüququ əldə edib. Azərbaycanla yanaşı, İsrail və Puerto Riko ölkələrinin komandaları da Qış Paralimpiadasında təmsil olunub. Təəssüf ki, idmançımız Pekində çıxış edə bilməyib. Buna səbəb Azərbaycan idmançısı Mehman Ramazanzadənin zədələnməsi olub. M.Ramazanzadə isinmə hərəkətlərində xəsarət aldığı üçün yarışlardan kənarda qalıb. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, qış idman növləri üzrə yığmamızın üzvü olan Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.
Ümumilikdə isə paralimpiyaçılar budəfəki Oyunlarda 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Ev sahibi Çin komandası Qış Paralimpiya Oyunlarını 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci pillədə başa vurub. Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci yeri tutub. Kanadalılar isə 8 qızıl, 6 gümüş və 11 bürünc medalla Paralimpiya Oyunlarında üçüncü yerə sahib çıxıblar. Ümumilikdə 19 ölkənin paralimpiyaçıları Pekində mükafatçılar sırasında yer alıblar. Oyunlar tarixində daha bir yaddaqalan hadisə isə ilk dəfə bir Asiya ölkəsinin medal sıralamasına görə qalib olmasıdır.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və Olimpiya kəndləri uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.
Çin Pekin-2022 Qış Paralimpiya Oyunlarının qalibi oldu