"Mənimlə elitadan düşən "Turan Tovuz" mənimlə də qayıdır"

  "Mənimlə elitadan düşən "Turan Tovuz" mənimlə də qayıdır"

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda lisenziya üçün müraciət etmiş klubların sənədlərinə baxılıb və "Kəpəz"lə "Turan Tovuz"un yeni mövsümdə Premyer Liqada çıxışına "yaşıl işıq yandırılıb". 

Tovuz klubunun baş məşqçisi Əfqan Talıbovun qərarla bağlı təəssüratlarını və Premyer Liqa üçün ilkin planlarını Fanat.Az-a açıqladı: 

"Azərbaycan futbol ailəsində öz yeri olan, ölkəni Avropada təmsil etmiş "Turan Tovuz" yenidən Premyer Liqaya qayıdıb. Təbii ki, çox sevincliyik. Ümumiyyətlə, böyük futbol qərb bölgəsinə qayıdır. Bu, futbolumuzun ümumi inkişafında böyük rol oynayacaq. Azarkeşlərin çoxdan gözlədiyi gün gəlir. "Turan Tovuz"un elitaya qayıdışı bir az uzun - 9 il çəkdi. Bu gün mənim üçün ikiqat əlamətdardır. Komanda Premyer Liqadan aşağı liqaya mənimlə yuvarlanmışdı, mənimlə də qayıdır. 

Təbii ki, "Kəpəz"lə "Turan Tovuz"un qayıdışı böyük hadisədir. Amma bu keçid dövrünü təmkinlə, səbrlə, düzgün seleksiya apararaq geridə qoymalıyıq. Yəni məsuliyyətli dövrə qədəm qoyuruq. Qərb futbolunun keçmiş günlərini geri qaytarmaq üçün bünövrə düzgün seleksiyadan asılıdır. 

Qərar bu gün rəsmən elan olunub. Hətta komanda üzvlərini təbrik etməmişəm, bunu bu gün axşam məşqində reallaşdıracağam. Rəhbərlikdə də qarşıdakı günlərdə görüşüb danışacağıq. Məşqçi korpusu müəyyənləşməlidir. Mənim müqaviləm mövsümün sonuna kimi nəzərdə tutulub. Bildiyiniz kimi, paralel olaraq, Müşahidə Şurasının üzvüyəm. Rəhbərliklə bu məsələləri müzakirə edəcəyik. Düzdür, mənim təyinatımdan sonra komanda keçirdiyi 5 oyunda 10 xal toplayıb. Azarkeşləri müəyyən qədər sevindirə bildik. Ardıcıl məğlubiyyətlər gənc futbolçularda inamsızlıq yaratmışdı. Son uğurlu nəticələrə görə futbolçuların xidmətini qabartmaq istəyirəm. Həqiqətən can qoydular. Bu uşaqlardan əksəriyyəti ilə yolumuza davam edəcəyik. Çünki "Turan Tovuz"un əvəzedici komandası Birinci Divizionda oynamalıdır. Əslində, komandanın 99 faizi gənclərdən təşkil olunub. Bizdə yeganə təcrübəli oyunçu Akif Tağıyevdir ki, onun da 27 yaşı var. Premyer Liqada çıxış edəcəyiksə, ilk növbədə düzgün seleksiya aparmalıyıq".