V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyənin Konya şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov bir sıra idman növlərində idmançılarımızın çıxışlarını izləyib, onları tribunadan dəstəkləyib. Yarışlardan öncə idmançılarımızla görüşən nazir onlara uğurlar arzulayıb.
Ağırlıqqaldırma növündə idmançılarımızın yarışlarını zaldan izləyən Fərid Qayıbov, yarış zamanı Türkiyənin KonTv telekanalına müsaibə verərək Azərbaycan idmançılarının çıxışları və Oyunlar təşkili barədə fikirlərini bölüşüb.
Nazir 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Mərakeş yığması ilə oyunundan əvvəl milli komanda üzvləri ilə görüşüb, futbolçularımıza uğurlar arzulayıb.
Həmçinin güləşçilərimizin mübarizəsini izləyən Fərid Qayıbov Oyunların 82 kq çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edib və Rafiq Hüseynova qızıl medalı təqdim edib.
Qeyd edək ki, nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov və Milli Məclisin üzvü Kamal Cəfərov bundan öncəki günlərdə də müxtəlif növlərdə idmançlarımızın yarışlarını izləyib, onlara dəstək olublar.