Konya-2021: Bu gün idmançılarımız 6 idman növündə mübarizə aparacaq

Konya-2021: Bu gün idmançılarımız 6 idman növündə mübarizə aparacaq

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Avqustun 16-da Azərbaycan təmsilçiləri oxatma, stend atıcılığı, üzgüçülük, kikboksinq və cüdo üzrə yarışlarda iştirak edəcəklər. Həmçinin bu gün kişilərdən ibarət futbol komandamız Əlcəzair millisinə, qadınlardan ibarət 3×3 basketbol komandamız isə Qətər millisinə qarşı mübarizə aparacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən 11-ci yarış günündə Azərbaycan komandası aktivinə 68 medal yazdırıb. Onlardan 20-si qızıl, 27-si gümüş, 21-i bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.
Oyunlarda Türkiyə 234 (90 qızıl, 81 gümüş, 63 bürünc), Özbəkistan 112 (40 qızıl, 28 gümüş, 44 bürünc) və İran 110 (37 qızıl, 31 gümüş, 42 bürünc) medalla ilk 3 pilləni tutublar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.