Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilib. Turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub. Turun növbəti oyun günündə "Neftçi" Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. İlk qolu 31-ci dəqiqədə meydan sahiblərindən Ramon Maçado vurub. 46-cı dəqiqədə Ataa Caber hesabı bərabərləşdirib. 7 dəqiqə sonra yenidən səhnəyə çıxan israilli yarımmüdafiəçi özünün və komandasının 2-ci qoluna imza ataraq, yekun hesabı müəyyənləşdirib.
Günün digər görüşündə "Zirə" komandası "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub. 72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.
Turun sonuncu oyun günündə daha iki qarşılaşma oynanılıb. Günün ilk matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində 3-cü dəqiqədə Almir Aqanspahiç, qonaqlarda isə 45-ci dəqiqədə Bahadur Həziyev fərqlənib.
Tura "Qarabağ" "Sabah" oyunu ilə yekun vurulub. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 32-ci dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.
Son ölkə çempionu 2-ci yarıya daha fəal başlayıb. 51-ci dəqiqədə Elvin Cəfərquliyev növbəti dəfə rəqibi mərkəzə dəvət edib. 60-cı dəqiqədə “Sabah”ın futbolçusu Coy Lens Mikels fərqlənərək hesabı yenidən bərabərləşdirib. 67-ci dəqiqədə isə Aleksey Kaşuk meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Məğlub durumda olan “Qarabağ” klubu 83 və 90+3-cü dəqiqələrdə Ramil Şeydayevin dəqiq penalti zərbələri ilə yekunda meydandan qələbə ilə ayrılmağı bacarıb. Qeyd edək ki, 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, 6 turdan sonra rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 15-ə yüksəldərək onunla eyni sayda xal toplayan "Neftçi" ilə birgə turnir cədvəlinə şərikli liderlik edir. 13 xala malik "Sabah" isə 3-cü sırada qərarlaşır. "Turan Tovuz" isə Qərb derbisindəki qələbə ilə xallarının sayını 10-a çatdıraraq “Zirə” ilə birgə 4-5-ci yerləri bölüşdürür.
“Qarabağ” və “Neftçi” Misli Premyer Liqasına şərikli liderlik edir