Sabah Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişi cüdoçular arasında ACF turunun ikinci turniri keçiriləcək. Yarışda 50 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar sentyabrın 22-24-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə vəsiqə qazanacaqlar.