Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində medalı təmin edib. 54 kq çəkidə mübarizə aparan idmançı yarışda ardıcıl üçüncü qələbəsini qazanaraq, buna nail olub. 1/4 finalda türkiyəli Mirboran Yıldırıma 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn E.Kərimli yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Boksçu finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.
Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.