Azərbaycanda idmanın və Olimpiya Hərəkatının intibah dövrü 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlayıb. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi ilk addımları dövlət idman strukturları və milli idman federasiyaları ilə əlaqələrin qurulmasını, federasiyaların işinin canlandırılmasını, birgə fəaliyyətin təşkilini əhatə etdi. Bu dövrdən sonra ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yeni inkişaf mərhələsi başladı, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər öz həllini tapdı, federasiyaların işində dönüş yarandı.
Milli Olimpiya Komitəsinin prezidenti elə ilk gündən bir sıra islahatların aparılmasına başladı. Eyni zamanda milli federasiyalarda köklü dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmiri həyata keçirildi. İdmançıların məişət məsələlərinin qaydaya salınması, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər öz həllini tapdı. Gələcəyinə böyük ümidlər bəslənilən idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən təqaüdlərin verilməsi haqqında Əsasnamə təsdiq olundu. 1998-ci ilin yanvarından etibarən Əsasnaməyə uyğun olaraq idmançılar və onların məşqçiləri təqaüd almağa başladılar. Qeyd edək ki, təqaüd alan kateqoriyaların sırası ildən-ilə genişlənir, eyni zamanda təqaüdün həcmi də artır. Təqaüdlər təkcə respublika və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edənlərə yox, həm də ölkəmizin idman şərəfini ləyaqətlə qorumuş veteran idmançılara da verilir. 1999-cu ildən Milli Olimpiya Komitəsi təqaüdlərin yeni növünü müəyyən etdi. Belə ki, Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların hər biri lisenziya aldıqları tarixdən Olimpiya Oyunlarının keçiriləcəyi tarixə qədər olan müddətdə hər ay təqaüd almağa başladılar.
Beynəlxalq əlaqələrin genişləndirilməsi dövrün tələbi idi
Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi, beynəlxalq əlaqələrin düzgün qurulmasının ölkənin dünya miqyasında tanınması ilə yanaşı, Olimpiya Hərəkatının və idmanın inkişafı üçün geniş perspektivlər açmasını ilk günlərdən ön plana çəkdi. O, 1997-ci ilin noyabr ayında Avropa Olimpiya Komitəsinin Stokholmda keçirilən 26-cı Assambleyasında iştirak etdi. Stokholm səfərində, o zaman Avropa Olimpiya Komitəsinin prezidenti olan Jak Roqqla görüş Azərbaycanla qitə Olimpiya təşkilatı arasında əlaqə və əməkdaşlıq sahəsində irəliyə atılmış ilk addım oldu. Stokholmda cənab İlham Əliyevin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançla da ilk görüşü baş tutdu.
1998-ci il martın 19-20-də İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri ilə keçmiş SSRİ-nin müstəqillik qazanmış ölkələrinin milli Olimpiya komitələri rəhbərlərinin görüşü keçirildi. Həmin toplantıda MOK-un prezidenti İlham Əliyevlə yanaşı, vitse-prezident Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyev də iştirak etdi. Lozanna səfəri zamanı nümayəndə heyətimizin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Markiz Xuan Antonio Samarançla ayrıca görüşü oldu. Görüşdə İlham Əliyev Xuan Antonio Samarança Azərbaycan Milli Olimpiya Komitəsində görülmüş işlər və perspektiv planlar haqqında ətraflı məlumat verərək, əsas diqqəti beynəlxalq əlaqələrin genişləndirilməsi, BOK-la əməkdaşlığın gücləndirilməsi məsələlərinə yönəltmiş və Respublika Olimpiya Komitəsinin problemlərindən danışmışdı.
1998-ci il noyabrın 24-dən 29-dək Rio de-Janeyro şəhərində IV Ümumdünya Olimpiya Yarmarkası keçirildi. İdmanın inkişafına əlavə investisiyalar cəlb edilməsinə həsr olunmuş bu tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak etdi.
1999-cu ildə MOK-un beynəlxalq əlaqələri baxımından bir sıra əhəmiyyətli işlər Olimpiya mərkəzi sayılan Lozannaya səfər zamanı görüldü. BOK-un prezidenti Xuan Antonio Samarançın şəxsi dəvəti ilə həmin ilin sentyabrında MOK-un prezidenti İlham Əliyev İsveçrədə rəsmi səfərdə oldu.
2000-ci il oktyabrın 20-də Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqq və baş katib Mario Peskante Azərbaycana gəldilər. Səfərin ilk günü Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqları qəbul etdi. İlham Əliyev son illər respublikada Olimpiya Hərəkatının geniş vüsət alması, görülmüş işlər barədə qonaqlara məlumat verdi.
Oktyabrın 21-də Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqq və baş katib Mario Peskante Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim və tələbələrlə, eləcə də respublikanın idman nümayəndələri ilə görüşdə iştirak etdilər. Akademiyada AOK-un prezidenti Jak Roqqa fəxri doktor adı verildi.
Elə həmin gün Azərbaycan Milli Olimpiya Komitəsinin yeni Olimpiya Kompleksinin təntənəli açılış mərasimi oldu. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev, respublikamıza qonaq gəlmiş Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqq, AOK-un baş katibi Mario Peskante və digər rəsmi şəxslər iştirak etdilər.
Okyabrın 21-də Azərbaycan Prezidenti Heydər Əliyev AOK-un prezidenti Jak Roqqu və baş katib Mario Peskanteni qəbul etdi. Qəbulda Azərbaycanda Olimpiya Hərəkatının inkişaf yolları, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin keyfiyyətcə yeni fazaya keçməsi barədə fikir mübadiləsi aparıldı.
2001-ci il aprelin 5-də Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvləri növbəti toplantılarını Bakıda keçirmək üçün Azərbaycana gəldilər. Aprelin 6-da AOK İcraiyyə Komitəsinin üzvlərini Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un prezidenti İlham Əliyev qarşıladı. Sonra MOK rəhbərliyi ilə AOK İcraiyyə Komitəsinin üzvləri arasında görüş oldu. Görüşdə İlham Əliyev MOK-un fəaliyyəti, son dövrdə görülmüş işlər barədə məlumat verdi. Görüşdən sonra AOK İcraiyyə Komitəsi öz iclasına başladı. İclasda Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqq, vitse-prezident Patrik Hikki, baş katib Mario Peskante, İcraiyyə Komitəsinin üzvləri Toqay Bayatlı, Alayn Qeles, Hayns Çanqvrits, Qunilla Lindberq, Aleksandr Kozlovski, Arturas Poviliunas, Arne Mirvold, Valter Troqer iştirak etdilər. Toplantıda Solt Leyk Siti Oyunlarına, Afina Olimpiadasına hazırlıq, AOK Atletlər Komissiyasının yaradılması və bir sıra başqa məsələlər müzakirə olundu.
Avropa Olimpiya Komitəsinin mətbuat orqanı olan “Sport Europe” jurnalının 2001-ci il may nömrəsində Azərbaycan Olimpiya Hərəkatı haqqında altı səhifəlik yazı dərc olundu. İngilis və fransız dillərində nəşr olunub dünyanın bütün Olimpiya və idman təşkilatlarına göndərilən bu jurnaldakı məqalə “Azərbaycan” adlanırdı. Jurnalda Azərbaycanın qədim idman tarixi, eləcə də ölkə idmançılarının 1952-ci ildən başlayaraq Olimpiya Oyunlarında iştirakı, 1997-ci ildən başlayaraq görülmüş işlər haqqında geniş material verilmişdir. Bu da Avropadakı oxucuların Azərbaycan Olimpiya Hərəkatı ilə yaxından tanış olmasına daha bir imkan yaratmış oldu.
2001-ci ilin noyabrın 30-dan dekabrın 1-dək AOK-un Monakoda 30-cu Baş Assambleyası keçirildi. Həmin toplantıda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, vitse-prezident Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev iştirak etdilər. Bu Assambleyada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olan Jak Roqqun yerinə komitənin baş katibi Mario Peskante Avropa Olimpiya Komitəsinin yeni prezidenti seçildi. Monakoda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla görüşdü, Azərbaycanda Olimpiya Hərəkatından, MOK-un fəaliyyətindən söhbət açdı, BOK-la əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi apardı.
2002-ci il mayın 22-dən 25-nə kimi Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının 13-cü Baş Assambleyası keçirildi. Assambleyanın işində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və vitse-prezident Çingiz Hüseynzadə iştirak etdilər.
Kuala-Lumpurda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bir sıra işgüzar görüşləri oldu. İlham Əliyevin Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana ilə keçirdiyi görüşdə Azərbaycan Olimpiya Komitəsinin fəaliyyəti, onun respublikada Olimpiya Hərəkatının genişləndirilməsi sahəsində son illərdəəldə etdiyi uğurlar haqqında, komitənin gələcək fəaliyyəti barədə söhbət getdi.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante arasında görüş də işgüzar və səmimi şəraitdə keçdi. Görüşdə MOK-un ölkə daxilindəki fəaliyyəti və qitə təşkilatının tədbirlərində iştirakı barədə söhbət aparıldı. AOK-un prezidenti Mario Peskante Azərbaycana səfərini xatırlayaraq, ötən müddətdə Azərbaycan Milli Olimpiya Komitəsinin gördüyü yeni işlərdən məmnun olduğunu söylədi, Azərbaycanda Olimpiya Hərəkatının və idmanın belə yüksək sürətlə inkişafını alqışladı.
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin növbəti görüşü Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnovla oldu. Səmimi və işgüzar şəraitdə keçən bu görüşdə beynəlxalq Olimpiya Hərəkatının bir çox məsələləri ətrafında söhbət getdi, Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olundu.
Malayziyada İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri ilə əlaqələr və Olimpiya Həmrəyliyi idarəsinin direktoru Pere Miro, Avropa Olimpiya Komitəsinin baş katibi Patrik Hikki və bir sıra ölkələrin Milli Olimpiya komitələrinin prezidentləri, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayanla da görüşdü.
Mayın 23-də Milli Olimpiya Komitələri Assosiasiyasının XIII Baş Assambleyasının iclasında Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana Milli Olimpiya komitələrinin Olimpiya Hərəkatının inkişafı ilə bağlı fəaliyyətindən danışarkən Azərbaycan Olimpiya Komitəsinin gördüyü işlərdən bəhs etdi, bu komitənin əldə etdiyi nailiyyətlərdən söhbət açdı. O, Azərbaycan Milli Olimpiya Komitəsinin Milli Olimpiya Komitələri Assosiasiyasının xüsusi mükafatına layiq görüldüyünü qeyd etdi və mükafatı MOK-un prezidenti İlham Əliyevə təqdim etdi. Həmin mükafatın üzərində yazılmışdır: “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Olimpiya ideallarının bütün dünyada yayılması və idmanın inkişafında görkəmli xidmətlərinə görə təltif olunur”.
2002-ci il oktyabrın 11-də Milli Olimpiya Komitəsinin yaradılmasının 10 illik yubileyi qeyd olundu. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak etdi. Yubiley təbdirində Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr Kozlovski, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Türkiyə Milli Olimpiya Komitəsinin baş katibi Toqay Bayatlı, Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti Valeri Kuzin, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Georgi Topadze çıxış etdilər.
Həmin il noyabrın 2-də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda Müsəlman Ölkələri Qadın İdman Həmrəyliyi Şurasının İdarə Heyətini, noyabrın 7-də isə Avropa Taekvondo Federasiyasının prezidenti Anastasos Proqalos və baş katib Qerrid Eysinqi qəbul etdi.
Milli Olimpiya Komitəsinin 1997-ci ilin ikinci yarısından başlayaraq gördüyü işlər dünya və qitə miqyasında böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olduğunun ilk beş ilində, başqa sözlə, 1997-2003-cü il dövrlərində beynəlxalq Olimpiya və idman qurumları ilə əməkdaşlıq genişləndirildi. Azərbaycan Olimpiya Hərəkatı ilə bağlı bütün tədbirlərin fəal iştirakçısına çevrildi. Milli Olimpiya Komitəsi respublikada idmanın maddi-texniki bazasının yaradılması, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi sahəsində böyük uğurlar qazandı.
“Əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra da bu vəzifəni saxlayacağam”
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2003-cü il oktyabrın 13-də keçirilmiş növbəti iclasında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev müzakirə olunan məsələlər bitdikdən sonra iclas iştirakçılarına müraciət edərək dedi:
“Mən sizin hamınızı bir daha təbrik edirəm. Bizim görüşlərimiz bundan sonra da davam edəcəkdir. Əgər oktyabrın 15-də Azərbaycan xalqı mənə etimad göstərərsə, yenə də idmandan ayrılmayacağam. Keçmişdə mənim bir neçə vəzifəm var idi - Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti... O biri vəzifələr də mənim üçün əziz idi. Mən də həyatımın böyük hissəsini bu işlərə həsr etmişdim. Hesab edirəm ki: bu vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Hər halda, heç kim irad tuta bilməz ki, mənə tapşırılan hansısa bir işdə qüsur olubdur. İndi nə qədər ağır olsa da, həmin vəzifələrdən mən imtina edəsi oldum. Amma hələlik Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalıram. Hesab edirəm ki, əgər idmançılar tərəfindən razılıq olarsa, mən bundan sonra da bu vəzifəni saxlayacağam”.
Xalq İlham Əliyevə etimad göstərdi və onu Azərbaycan Respublikasının Prezidenti seçdi. 2003-cü il 15 oktyabrından Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin yeni dövrü başladı. Bu dövrü fərqləndirən amil artıq Azərbaycan Milli Olimpiya Komitəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etməsi idi.
Ölkə başçısı seçildikdən sonra Azərbaycan Olimpiya Hərəkatı yeni dövrə qədəm qoydu
Qısa müddətdə Azərbaycanda Olimpiya Hərəkatının və idmanın belə sürətli inkişafı Milli Olimpiya Komitəsinə İlham Əliyevin rəhbərliyi sayəsində mümkün oldu və Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətlərini yüksək qiymətləndirərək, Beynəlxalq Olimpiya Komitəsi onu özünün ali mükafatı - “Olimpiya Ordeni” ilə təltif etdi. Qərar Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2004-cü ilin fevralında Afinada keçirilmiş iclasında qəbul edildi. Bununla əlaqədar olaraq BOK prezidenti Jak Roqq 2004-cü il martın 4-də İlham Əliyevə təbrik məktubu göndərdi. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə “Olimpiya Ordeni”ni təqdim etmək üçün Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Vitali Smirnov 2004-cü il aprelin 18-də Azərbaycana rəsmi səfərə gəldi. Aprelin 19-da Bakıda həndbol üçün tikilmiş yeni idman kompleksinin açılış mərasimində “Olimpiya Ordeni” cənab İlham Əliyevə təqdim edildi.
2004-cü il iyunun 22-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında “Olimpiya ruhu” sərgisinin açılış mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Konstantinos Stefanopulos mərasimdə iştirak etdilər. Yunanıstan Mədəniyyət Nazirliyinin iştirakı ilə bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi sərgi “Antik Olimpiya Oyunları”, “Müasir Olimpiya Oyunlarının bərpası” və “Afina-2004” mövzularını əhatə edirdi. 2004-cü il iyulun 31-də Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında Rusiya Olimpiya Komitəsi ilə Azərbaycan Olimpiya Komitəsi arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il noyabrın 30-dan dekabrın 1-dək Qətər dövlətində rəsmi səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərlə yanaşı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Qətər Dövlət Milli Olimpiya Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalandı.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri sistemində başqa ölkələrin Milli Olimpiya komitələri ilə əməkdaşlıq haqqında sənədlərin qəbul edilməsi xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində 25 fevral 2005-ci il tarixdə Azərbaycan və İtaliya Milli Olimpiya komitələri arasında idman sahəsində texniki əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekində 17 mart 2005-ci il tarixdə Azərbaycan ilə Çin Milli Olimpiya komitələri arasında Olimpiya Hərəkatı, idman sahəsində əməkdaşlıq haqqında müqavilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Abu-Dabidə 20.11.2006 tarixdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Milli Olimpiya komitələri arasında Olimpiya Hərəkatı, idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
2007-ci il aprelin 7-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Azərbaycanda rəsmi səfərdə oldu. Aprelin 9-da Masallıda Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonağa idman və Olimpiya Hərəkatı sahəsində görülən işlərdən söhbət açdı. Səmimi görüş üçün Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Avropa Olimpiya Komitələrinin prezidenti 2001-ci ildə Bakıya gəlişini, burada AOK-un İcraiyyə Komitəsinin toplantısında və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yubiley mərasimində iştirakını xatırlatdı. AOK prezidenti Azərbaycan Milli Olimpiya Komitəsinin həm ölkə, həm də qitə miqyasında gördüyü işlərə görə tanındığını və Avropa Olimpiya Komitələrinin nüfuzlu üzvlərindən biri olduğunu xüsusi qeyd etdi.
2007-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 15 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Milli Olimpiya Komitəsinin yubiley tədbirində iştirak etmək üçün müxtəlif ölkələrin Olimpiya və idman təşkilatlarının nümayəndələri Bakıya gəlmişdilər.
2007-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Prezident Sarayında respublika Milli Olimpiya Komitəsinin 15 illik yubileyində iştirak edən qonaqları, bir sıra ölkələrin milli Olimpiya komitələrinin və idman federasiyalarının rəhbərlərini və nümayəndələrini qəbul etdi.
2007-ci il oktyabrın 26-da “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti, MOK-un prezidenti İlham Əliyev mərasimdə iştirak etdi. Prezident İlham Əliyev yubiley gecəsində çıxış etdi. Yubiley mərasimində xarici qonaqlar adından Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvü, Polşa Olimpiya Komitəsinin prezidenti Pyotr Nurovski çıxış edərək, AOK-un yubiley hədiyyəsini cənab İlham Əliyevə təqdim etdi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin Azərbaycana səfərləri, Azərbaycan Milli Olimpiya Komitəsinin 15 illik yubileyində və Pekində Olimpiya Oyunları dövründə keçirilmiş “Azərbaycan Günü” tədbirində xarici qonaqların iştirakı beynəlxalq əlaqələrin genişlənməsi sahəsində xüsusi rol oynadı.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq 2008-ci il fevralın 6-da Azərbaycana gəldi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Prezident Sarayında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etdi. Görüşdə Beynəlxalq Olimpiya Komitəsinin üzvü Vitali Smirnov da iştirak etdi. Cənab Jak Roqqun Azərbaycana səfərinin əsas məqsədi ölkədə Olimpiya Hərəkatı və idman sahəsində görülən işlər, idman infrastrukturunun yenidən qurulmasında əldə olunmuş nailiyyətlərlə yaxından tanış olmaqdan ibarət idi. O, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, “Musado” Taekvondo Mərkəzi və Otüstü Hokkey Kompleksində oldu. Bu qurğuların böyük idman tədbirlərinin keçirilməsi üçün hərtərəfli hazırlığını şəxsən müşahidə etdi.
Bu tədbirdən sonra cənab Jak Roqq Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunmuş ekspozisiya ilə tanış oldu. Ekspozisiya 2000-ci ildən başlayaraq Azərbaycanın paytaxtı və onun bölgələrində tikilmiş 13 idman kompleksi və tikilməkdə olan yeni obyektlər haqqında ətraflı məlumatları əhatə edirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu illər ərzində beynəlxalq və qitə idman qurumlarının rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşlər keçirdi.
MOK-un yubiley tədbirləri, beynəlxalq qurumların rəhbərlərinin ölkəmizə ardıcıl səfərləri
2012-ci il aprelin 17-də Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında” Sərəncam imzaladı. Həmin il noyabrın 7-də Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edərək nitq söylədi. Yubley tədbirində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiç, Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti çıxış edərək təbriklərini çatdıraraq, Azərbaycanın gələcəyə nəzər salan idman ölkəsi olduğunu dedilər. Yanez Koçiyançiç Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illiyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.
Azərbaycanın idman tarixində baş verən ən əlamətdar hadisələrdən biri də 2012-ci ildə Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə təşkil ediləcək birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilməsi oldu. (08.12.2012). Tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi haqqında AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edildi (8 nəfər bu qərarın əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb). Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin 2015-ci ildə birinci Avropa Oyunlarını Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik etdi. 2012-ci ilin sonlarında Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq Olimpiya və idman qurumları ilə əməkdaşlığı ən yüksək səviyyəyə qalxdı. Bu, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin keyfiyyətcə yeni bir dövrünün başlandığını təsdiq etdi. Artıq qitə və dünya səviyyəli ən önəmli tədbirlərin keçirilməsi təşəbbüslərində Azərbaycanın mövqeyi nəzərə alınırdı. Bu cür tədbirlərin Azərbaycana salınmasını dəstəkləyən qurumların və Milli Olimpiya komitələrinin sayı da həlledici miqdarda artmışdı. I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, Formula-1 üzrə Qran-pri yarışlarının Azərbaycana salınması, Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Məclisinin ölkəmizdə keçirilməsi, beynəlxalq idman qurumlarının rəhbərlərinin ölkəmizə səfərlərinin çoxalması, Olimpiya Hərəkatı və idman sahəsində beynəlxalq əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərirdi.
Heydər Əliyev Mərkəzində 2017-ci il sentyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etdilər.
Tədbirdə Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Yanez Koçiyançiç, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Olimpiya Komitələrinin keçmiş prezidenti Patrik Hikki də iştirak edirdi. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Çıxışda qeyd olundu ki, ölkəmiz beynəlxalq arenada - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri çərçivəsində də fəal iştirak edir.
“Bizim beynəlxalq federasiyalarla da çox yaxşı əlaqələrimiz var. Təsadüfi deyil ki, Azərbaycanda demək olar ildə bir neçə dəfə mötəbər beynəlxalq yarış keçirilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib. Biz buna öyrəşmişik və bu da əlbəttə ki, həm ölkəmizin potensialını göstərir, həm də beynəlxalq federasiyaların bizə olan inamını əks etdirir. Bu idman tədbirləri arasında mötəbər yarışları bu gün xüsusilə qeyd etmək istərdim. Bakıda iki dəfə Formula-1 yarışı keçirilmişdir. Bu, tamaşaçı auditoriyasına görə Yay Olimpiya Oyunlarından sonra yəqin ki, ikinci idman yarışıdır. Bu yarışların auditoriyası 500 milyon insandır. Bakıda iki dəfə keçirilmiş Formula-1 yarışı artıq Formula-1 yarışları arasında özünəlayiq yer tuta bilib. Çünki bu, şəhər yarışıdır və tamaşaçılar üçün, televiziya ilə bu yarışı izləyənlər üçün həm yarış daha maraqlı keçir, eyni zamanda, şəhərimizin gözəlliyi yarım milyard insana təqdim olunur”.
Avropa Olimpiya Komitələrinin icraçı prezident Yanez Koçiyançiç çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim etdi. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer isə Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
2018-ci ildə ölkəmizdə səfərdə olan beynəlxalq idman qurumlarının rəhbərləri Azərbaycan Prezinenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə görüşdülər. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini (03.02.2018), Bilal Ərdoğanı və Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkını (18.04.2018), Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirlərini (18.04.2018), Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi (29.04.2018), Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartyeni (06.06.2018), Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini (25.09.2018), Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi (10.12.2018), Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini (12.11.2018), Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini (15.11.2018) qəbul etdi. Bu görüşlərdə Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyi, 2015-ci ildə Birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyi qeyd olundu və Dünya Güləş Birliyinin ən ali mükafatı - “Qızıl Orden”i dövlətimizin başçısına təqdim olundu. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna İslam Əməkdaşlıq Təşkilatı gəncliyininin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə Prezident İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamisi” ilk Fəxri Nişanı və xatirə hədiyyəsi təqdim edildi. Milli Olimpiya Komitəsi BOK və AOK-la səmərəli və işgüzar əməkdaşlığa, digər idman qurumları ilə əlaqələrin qurulmasına və inkişafına xüsusi diqqətlə yanaşır.
2022-ci il Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində növbəti yubiley ili kimi yadda qaldı. Noyabrın 11-də Bakıdakı “Gülüstan” sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi.
Tədbirdə dövlət və hökumət rəsmləri, Milli Məclisin deputatları, federasiyaların rəhbərləri, Olimpiya çempionları və titullu idmançılar iştirak etdilər. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə təbrik məktubunu oxudu. Avropa Olimpiya Komitələrinin və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos çıxışında Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu dedi. Bildirdi ki, Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının nəticəsində ölkədə ən müasir idman infrastrukturu yaradılıb və azərbaycanlı atletlər beynəlxalq arenada layiqincə çıxış edirlər. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti sayəsində mümkün olub. Spiros Kapralos vurğuladı ki, Birinci Avropa Oyunları Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə mükəmməl təşkil edilib.
Müasir quruluşda hazırlanmış Olimpiya Himni təqdim olunduqdan sonra Avropa Olimpiya Komitələrinin prezidenti S.Kapralos rəhbərlik etdiyi qurumun xatirə hədiyyələrini MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və baş katib Azər Əliyevə təqdim etdi. MOK rəsmiləri də komitənin xüsusi hədiyyəsini S.Kapralosa verdilər.
Beləliklə, 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyev idman sahəsini də digər sahələrlə yanaşı, diqqətdə saxlayaraq, Azərbaycan idmanının dünyada tanınmasında, ölkəmizdə Olimpiya Hərəkatının və idmanın inkişafına, xüsusi dəstək verdi. Ölkə prezidenti seçildikdən sonra Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri daha da genişləndi. Belə ki, İlham Əliyev prezident seçildiyi dövrdən sonra da dünyanın aparıcı, nüfuzlu idman təşkilatlarının rəhbərlərini qəbul edir. Ölkə başçısı şəxsən idman sahəsinə diqqət yetirir, bu sahənin inkişafı üçün mövcud imkanlar yaradır. Nəticədə bu gün Azərbaycan idmanı dünyada tanınır, idmançılarımızın uğurları günü-gündən artır. Ölkə başçısının bu sahəyə diqqət və qayğısını idman ictimaiyyətinin nümayəndələri də daim hiss edir və onlar cənab Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətini dəstəkləyirlər.