Futbol üzrə UEFA Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşib. Günün ilk oyunlarından sonra Fransanın PSJ və Almaniyanın Dortmund "Borussiya"sı yarımfinala vəsiqə qazanıb. İlk oyunda doğma meydanda 2:3 hesabı ilə uduzan Paris təmsilçisi səfərdə məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Luis Enrikenin komandası 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksələn tərəf olub.
Gecənin digər oyununda isə "Borussiya Dortmund" klubu "Atletiko"nu 4:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilən ilk oyunda Dieqo Simeonenin komandası minimal hesabla qalib gəlmişdi -2:1.
Beləliklə, ilk cavab oyunlarından sonra "Borussiya Dortmund" və PSJ komandaları yarımfinalda bir-birinə rəqib oldular.
Çempionlar Liqasının digər iki yarımfinalçıları bu gün keçiriləcək "Mançester Siti" - "Real" və "Bavariya" - "Arsenal" oyunlarından sonra müəyyənləşəcək.
Çempionlar Liqası: PSJ və "Borussiya Dortmund" yarımfinalda