Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən atletika üzrə yay Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, iki gün davam edən yarışda Bakı, Gəncə, Sumqayıt, Ordubad, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140-a yaxın atlet mübarizə aparıb.
Azərbaycan millisinin aparıcı üzvlərinin də iştirak etdiyi Azərbaycan çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına, həmçinin iyunun 7-12-də Romada təşkil olunacaq Avropa çempionatına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda 95-ci ölkə çempionatı İzmirdə keçiriləcək Balkan çempionatına seçim xarakteri daşıyıb.
İlk yarış günündə kişilər arasında 100 metr məsafəyə qaçışda Aleksey Əliəkbərov, qadınların mübarizəsində isə Fəridə Rzayeva birinci yeri tutub. 400 metr məsafəyə kişilər arasında qaçışda Səid Səfərli, qadınların yarışında isə İlahə Quliyeva çempion olub.
1500 metr məsafəyə qaçışda isə Bəxtiyar Əsgərli kişilər, Zəhra Şirəliyeva isə qadınlar arasında çempion adına yiyələnib.
400 metr məsafəyə sədlərlə qaçışda Ləman İsfəndiyarova birinci yerə sahib çıxıb. Üçtəkanla tullanmada Rüstəm Məmmədov kişilər, Yekaterina Sarıyeva isə qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hündürlüyə tullanma növündə isə Yusif Abdullayev qızıl medala layiq görülüb.
İlk yarış günündə həmçinin nüvə itələmə və nizəatma növündə də qaliblər müəyyənləşib. İsmayıl Əliyev və Səkinə Hacızadə nüvə itələmə, Elxan Berdiyev və Günel Hüseynova isə nizəatma növündə birinci yerə sahib çıxıb.
Yarışın ikinci günündə mübarizə aparan titullu atletimiz Nazim Babayev uzunluğa tullanma növündə çempion adını qazanıb. Bu növ üzrə qızların mübarizəsində isə Veronika Antropova birinci olub.
200 metr məsafəyə qaçışda Aleksey Əliəkbərov və Fəridə Rzayeva ilk yarış günündə olduğu kimi, yarışı birinci pillədə tamamlayıb.
800 metr məsafəyə qaçışda kişilər arasında Bəxtiyar Əsgərli, qadınların mübarizəsində isə Günel Manafova çempion adını qazanıb.
Bəxtiyar Əsgərli həmçinin 3000 metr məsafəyə qaçış yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 3000 metr məsafəyə qaçışda qızların mübarizəsində isə Cəmilə İrəfiyeva birinci olub.
110 metr məsafəyə sədlərlə qaçışda Əmir İsmayılov, çəkicatma növündə İsmayıl Əliyev, lövhəatmada isə İsmayıl Əliyev birinci yeri tutub.