Azərbaycan boksçuları mayın 24-də Tailandın paytaxtı Banqkokda start götürəcək II Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcəklər.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən istinadən xəbər verir ki, yığmamız 10 gün davam edəcək yarışda 9 boksçu ilə təmsil olunacaq.
Komandamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.
Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Kişilərin mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5 və 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Paris-2024-də iştirak hüququna yiyələnəcək.
Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.