“Azərbaycanda olduğumuz müddətdə müxtəlif güləş zallarını ziyarət edib, bir sıra məşqçilərlə tanış olduq”.
Bu sözləri Arkanzas Ştatının Güləş Assosiyasıyasının sədri Kristi Mann Milli Olimpiya Komitəsində təşkil edilən mətbuat konfransında deyib. O, buradakı insanların onlara qarşı xoş münasibətindən söz açıb. "Ölkənizə gəldiyimiz gündən etibarən xoş və gülərüz münasibətlə qarşılaşdıq. Gözəl təbiətiniz və istiqanlı insanlarınız var. Fürsətdə istifadə edib Qobustandakı qədim qayaüstü rəsmləri gördük, Şəkidəki Kiş məbədində olduq, Lənkəranda isə əsl Azərbaycan çayının dadına baxdıq. İdman zallarında güləşlə məşğul olan qızları görmək daha xoş oldu. Ölkəmizdə bu barədə daha ətraflı məlumat verəcəyik. Azərbaycanı çox sevdik, buraya yenidən səfər etmək istəyirik", - deyə xanım Kristi bildirib.
O, Azərbaycanda bu idman növünün inkişafı üçün kifayət qədər resurs olduğunu da qeyd edib. "Yaşadığım ştatda güləş zallarına daxil olarkən orada qadın güləşçilərin az olduğunu görə bilərik. Azərbaycanda isə vəziyyət fərqlidir. Düşünürəm ki, ölkənizdə qadın güləşi yüksək səviyyədə inkişaf edir".
Qeyd edək ki, ABŞ səfirliyinin təşəbbüsüylə bu ölkədən qadın güləşi üzrə 14 mütəxəssis mayın 14-dən ölkəmizdə səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olub, idmançılara ustad dərsləri keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparıblar.