Cüdo üzrə milli komandamız Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatından iki qızıl medalla qayıtdı. Azərbaycan 11 ildən sonra dünya çempionatları tarixində növbəti qızıl medallarını qazandı. Komandamızın heyətində yarışın ilk günündə “Neftçi” İdman Klubu İB-in üzvü Hidayət Heydərov çempion adına sahib çıxdı. Fərdi yarışların son günündə isə “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev növbəti qızıl medalı komandamızın aktivinə yazdırdı.
Bu günlərdə Zelim Kotsoyevlə əlaqə saxlayaraq, idmançımızın Əbu-Dabidəki uğurlu çıxışı və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı barədə danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Zelim, çempionluq münasibəti ilə səni təbrik edirik. İstərdik qələbə təəssüratlarını bizimlə bölüşəsən.
- Çox sevincliyəm. Sevincimdən iki gündür ki, yata bilmirəm. Mən bunu bacardım. Azərbaycan üçün dünya çempionatının qızıl medalını qazandım. Bu hissləri sözlə ifadə edə bilmirəm. Həqiqətən də inanılmaz hisslərdir. Yarış başa çatdıqdan sonra millinin baş məşqçisi Riçard Trautmanı qucaqladım. Tribunalara yaxınlaşanda məşqçim Elxan Məmmədov və digər komanda yoldaşlarım məni təbrik etdi. Həmin an özümdə deyildim. Qazandığım uğura görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə, məşqçilərə, həkimlərə, masajçılara minnətdarlığımı bildirirəm. Biz böyük bir ailəyik. Hər zaman bir-birimizə dəstək oluruq. Komandamızda çox yaxşı ab-hava var.
- Keçirdiyin görüşlər arasında ən çətin rəqibin kim oldu?
- Əslində, bütün görüşlərim gərgin keçdi. Amma mənim üçün ən çətin rəqib 1/4 finalda qarşılaşdığım ikiqat dünya çempionu gürcü əsilli ispaniyalı cüdoçu idi. Onunla iki dəfə qarşılaşmışam və hər ikisində də qalib gəlmişəm. Onunla keçirdiyim görüşlər hər zaman gərgin olur. Budəfəki mübarizəmiz də istisna olmadı. Taktiki hazırlığım sayəsində bu çətin mübarizədən qələbə ilə ayrıldım. Həmçinin final görüşümdə də psixoloji cəhətdən gərgin idim. Görüşün əvvəllərindən üstünlüyü ələ keçirdim. Beynimdə çoxlu fikirlər var idi. Zaman isə sanki getmirdi. Sonda yüksək hazırlığım sayəsində qələbə qazanaraq, çempion adına sahib çıxdım.
- 11 il sonra şəxsi məşqçin Elxan Məmmədovun Rio-de Janeyrodakı nailiyyətini təkrarlayaraq qızıl medal qazandın. Özü də onun çıxış etdiyi -100 kq çəki dərəcəsində.
- Hər zaman dünya və Avropa çempionu olan məşqçim Elxan Məmmədovdan örnək götürmüşəm. Onun nəticəsini təkrarlayaraq dünya çempionu olmaq istəyirdim. Həm atam, həm də Elxan müəllim bu yolda məni çox dəstəkləyib. Buna qədər Avropa çempionu adını qazanmışdım. Dünya çempionatlarında isə iki dəfə ardıcıl olaraq bürünc medala sahib çıxmışdım. Düşünürdüm ki, bu dəfə artıq qızıl medal qazanmağın vaxtı idi.
- Səndən əvvəl komanda yoldaşın Hidayət dünya çempionu tituluna sahib çıxdı. Yəqin ki, onun əldə etdiyi bu uğur da sənə stimul oldu?
- Hidayət mənim dostumdur. Biz hələ gənclərin yarışında iştirak etdiyimiz vaxtlarda bir çox səfərlərdə olmuşuq. O, hər zaman məndən əvvəl mübarizə aparır. Bu dəfə də məndən əvvəl tatami üzərinə çıxdı və çempion adını qazandı. Hidayət çempion olduqdan sonra mənim otağıma gəldi. Medalı mənə göstərək dedi ki, “bax, görürsən, istəsən hər şeyi bacara bilərsən. Sən də tatamiyə çıx və ən yaxşı bacardığın işi gör”. Bu sözlər mənə çox motivasiya verdi.
- Son vaxtlar stabilliyini qorumağı bacarırsan. Ardıcıl üçüncü dəfədir ki dünya çempionatının medalını qazanırsan. Bundan əlavə ötən il Avropa çempionu adını da qazandın. Stabilliyi necə qoruya bilirsən, bunun sirri nədədir?
- Bunun sirri yoxdur. Hər zaman ağlımda olan bu düşüncələrdir. Yatanda, yemək yenəndə, məşq edəndə, hətta indi sizə müsahibə verəndə belə bu barədə düşünürəm. Əsas odur ki, bir şeyi ürəkdən istəyəsən. Əgər nəyisə ürəkdən istəyirsənsə, gec və ya tez buna mütləq nail olacaqsan.
- Qələbə sayəsində reytinq cədvəlinin liderinə çevrildin. Yəqin ki, bu sənin üçün əlavə stimul olacaq?
- Çalışıram ki, reytinq barədə düşünməyim. Amma mən həm dünya, həm də Olimpiya reytinqində birinci pillədəyəm. Əgər reytinq cədvəli Olimpiya Oyunlarında qələbə qazanmağa kömək olsaydı, hamı çempion olardı. Cüdo elə idman növüdür ki, burada səhvlər bağışlanmır. Buna görə də, hər bir mübarizəyə son yarış kimi baxmaq lazımdır.
- İki aydan sonra Parisdə Olimpiya Oyunları təşkil olunacaq. Necə düşünürsən, dünya və Avropa çempionatlarında əldə etdiyin uğuru olimpiadada təkrarlamaq olacaqmı?
- Artıq Olimpiya Oyunlarına hazırlaşmağın vaxtıdır. Dünya çempionluğu mənim üçün bonus oldu. Hər zaman Avropa, dünya çempionatlarının və Olimpiya Oyunlarının qalibi olmaq istəmişəm. İlk iki yarışda çempion tituluna sahib çıxmışam. İndi əsas məqsədim Olimpiya Oyunlarında da bu uğuru təkrarlamaqdır.
Azər Əlizadə