Avarçəkənlər Bakı birinciliyində yarışacaqlar 

Avarçəkənlər Bakı birinciliyində yarışacaqlar 

İyunun 24-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək.

Bu barədə Azərbaycan kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yarış Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və  Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunacaq.  

Bulvar ərazisində, AKAF-ın qarşısında baş tutacaq turnirdə paytaxtla yanaşı, Mingəçevirdən olan 80-ə yaxın yeniyetmə və gənc avarçəkən iştirak edəcək.

İdmançılar avarçəkmənin akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar.

Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkməni daha da populyarlaşdırmaq, kütləviliyi təmin etməkdir. Bakı birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasından yeni, perspektivli idmançılar seçmək, onları gələcəkdə milli komandanın heyətinə cəlb etməkdir.