Qaşim Maqomedov: "Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm"

Qaşim Maqomedov: "Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm"

“Paris-2024-də qızıl medal qazanmaq istəyirdim. Lakin gümüş medalla kifayətləndim" 
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan taekvondoçumuz Qaşim Maqomedov (58 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Əldə etdiyi gümüş medalın heç də pis nəticə olmadığını deyən taekvondoçu Paris-2024-də fəxri kürsüyə qalxdığı üçün sevindiyini bildirib:
“Azərbaycan Taekvondo Federasiyası bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən biri olacaq. İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm.”
Qeyd edək ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında gümüş medal qazanıb.