“Judo Club 2012”nin idman xronikası

“Judo Club 2012”nin idman xronikası

Paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012" builki uğur estafetini layiqincə davam etdirir.

"Judo Club 2012"dən verilən məlumata görə, bu günlərdə klubun karateçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən karate-do üzrə dünya çempionatından uğurla qayıdıblar. Azərbaycan Karate do Federasiyasının prezidenti Arif Məmmədovun rəhbərliyi altında çempionatda iştirak edən millimiz şəxsi yarışlarında 7 qızıl, 8 gümüş və 6 bürünc medal qazanaraq 44 ölkə arasında 5-ci yeri tutub.

31-ci dəfə təşkil olunan turnirdə milli komandamızın heyətində “Judo Club 2012”nin 6 idmançısı çempionatda iştirak edib ki, onlardan da dördü çıxışını medalla başa vurub. Klubun karate bölməsi üzrə məşqçisi Namiq Pirverdiyevin tələbələrindən Eldar Bağırov (12-13 yaş, 53 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Rəsul Abbasov (18-21 yaş, 70 kq) gümüş, Cavad Cəfərov (10-11 yaş, 34 kq) isə bürünc medala sahib çıxıb. Qarışıq komanda yarışlarında isə klubun üzvü Səbinə Fərzəli gümüş medal qazanıb.

***

Oktyabrın 30-31-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib. Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qadınlar və kişilər 14 çəki dərəcəsində mübarizə aparıblar. Paytaxtın 33 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 212 cüdoçunun qüvvəsini sınadığı yarışda “Judo Club 2012” klubunun idmançıları da uğurla çıxış edərək fəxri kürsüdə yer alıblar. Klubun üzvləri yarışı 2 qızıl, 3 gümüş və 6 bürünc medalla başa vurublar.

Qızıl medallara Şəlalə Səlimzadə (-70 kq) və Mehdi Cəfərov (-73 kq) layiq görülüb. Mələkxanım Məmmədova (-48 kq), Leyla Əliyeva (-52 kq) və Şamil Qasanov (-100 kq) gümüş medala sahib çıxıblar. Bürünc medalları isə klubun aktivinə Aliyə İsmayılzadə (-48 kq), Xumar Qasımzadə (-52 kq), Emilya Mirzəyeva (-63 kq), Mətanət Məmmədova (-70 kq), VidadƏliyev (-100 kq) və Əli Mahmudov (+100 kq) yazdırıb. Yarışı 11 medalla başa vuran “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 29-30 noyabr – 1 dekabrda keçiriləcək qadınlar və kişilər arasında cüdo üzrə ölkə çempionatına seçim xarakteri daşıyıb.

 

***

Noyabrın 1-də U-18 yeniyetmə qızlar arasında keçirilən cüdo üzrə ACF Kubokunun ikinci turunda "Judo Club 2012"nin idmançıları 2 gümüş və 1 bürünc medal qazanıblar. Klubun üzlərindən Nərmin Xəlilzadə (-52 kq) və Aysu Quliyeva (+70 kq) gümüş, Mətanət Məmmədova (-70 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə 8 çəki dərəcəsində 48 klub, cəmiyyət və idman təşkilatından olan 176 cüdoçu qüvvəsini sınayıb.
Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli komandanın tərkibinə daxil ediləcək.
Xatırladaq ki, bu yaxınlarda Avropa və dünya çempionatlarının mükafatçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Ölkəmizdə cüdonun inkişafına layiqli töhfəsini verən “Judo Club 2012”də qızlar üçün cüdo dərsləri təmənnasız olaraq keçirilir.

“Judo Club 2012”nin idman xronikası “Judo Club 2012”nin idman xronikası