“Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur

“Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur

Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetinin ilk sayı 2001-ci il noyabr ayının 27-də işıq üzü görüb. İlk gündən “Olimpiya dünyası” ölkə idmanının, Olimpiya Hərəkatının və Olimpiya ideallarının təbliğini özünün başlıca vəzifəsi hesab edib. İdman mətbuatı ailəsində özünəməxsus mövqeyi olan “Olimpiya dünyası” qəzeti bu illər ərzində sevilən nəşrlərdən birinə çevrilib. Qəzet öz səhifələrində dünyada və ölkədə baş verən mühüm idman hadisələrini, yeniliklərini, atletlərimizin uğurlarını müntəzəm olaraq işıqlandırmaqla artıq 23 ildir ki, operativ xəbərlərlə oxucuların görüşünə gəlir.

Şübhəsiz ki, idmanın və Olimpiya Hərəkatının inkişafının, kütləviləşməsinin təbliği sahəsində idman mətbuatının rolu danılmazdır. Hər hansı sahədə əldə edilən uğur təbliğat işinin keyfiyyətindən və səviyyəsindən də asılıdır. Geniş auditoriya kütləsi toplamaq üçün, ilk növbədə, oxucu zövqünü və tələbatını təmin etmək lazımdır. Müasir oxucu çoxsaylı informasiya ilə yanaşı, ölkə idmanındakı yenilikləri də daim izləmək istəyir. Bu baxımdan, qəzetin əsas məqsədi ölkədə Olimpiya Hərəkatının genişlənməsi, idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə operativ məlumatlar vermək, idmansevərləri, idmançıları və idman mütəxəssislərini lazımi informasiya ilə təmin etməkdir. “Olimpiya dünyası” qəzetini digər idman nəşrlərindən fərqləndirən başlıca xüsusiyyət onun bütün idman növlərini eyni səviyyədə diqqətdə saxlamasıdır.

“Olimpiya dünyası” fəaliyyət göstərdiyi 23 il ərzində idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, oxucularla da sıx əlaqələr yaratmağa nail olub. Qəzet oxucuların idman haqqında biliklərini yoxlamaq və artırmaq məqsədilə tez-tez maraqlı müsabiqələr və viktorinalar təşkil edir. Əsas məqsəd ölkəmizdə idmanın, Olimpiya Hərəkatının inkişafını nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da layiqli səviyyədə təbliğ etməkdir.

“Olimpiya dünyası”nın səhifələrində müxtəlif rubrikalar altında dərc olunan yazılar oxucularda maraq oyadır. Oxucular idman ictimaiyyətinin tanınmış nümayəndələri, Olimpiya, Avropa və dünya çempionlarının idmandakı uğurları və şəxsi həyatları haqqında maraqlı məlumatlarla tanış olmaq imkanı əldə edirlər. Müxtəlif mövzuları əhatə edən “Mütəxəssis rəyi”, “Sənətçi idman, idmançı sənət haqqında”, “Hesabat kürsüsü” “Sağlamlıq resepti-idman”, “İdmançı ailəsi”, “İdmandan kənar”, “İdmançı menyüsü”, “Ali məktəblərin idman həyatı”, “İdman klublarında”, “Bölgə idmanı”, “Küncdən zərbə”, “İdman ulduzları”, “Gənclər və idman”, “Qadın və idman”, “Musiqi və idman”, “Unudulmayan əfsanələr”, “İdmançılar narkomaniyaya qarşı” və başqa bu kimi rubrikalar oxucular tərəfindən maraqla qarşılanır.

“Olimpiya dünyası” qəzetində Afina-2004, Pekin-2008, London-2012, Rio-2016, Tokio-2020, Paris-2024 Yay və bir neçə Qış Olimpiya Oyunları, Sinqapur-2010, Nankin-2014, Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunları, Avropa Yeniyetmələrinin Olimpiya Festivalları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və bir çox mötəbər beynəlxalq yarışlardan birbaşa və operativ məlumatlar verilib. Olimpiya ideallarının, Olimpiya Hərəkatının Azərbaycanda təbliğinə xidmət edən “Olimpiya dünyası” qəzeti həm ölkə, həm də dünya idmanının aynasına çevrilib. Bu möhtəşəm idman tədbirlərində “Olimpiya dünyası”nın işi digər mətbu orqanlarının fəaliyyətindən xüsusilə fərqlənib. Bu yarışlarda tarix yazan idmançılarımız həyəcanlı anların yaşandığı idman arenalarında ilk müsahibələrini məhz “Olimpiya dünyası”na veriblər. Qəzet Olimpiya komandamızın dünyanın ən mötəbər yarışlarına hazırlığından, onların olimpiadada iştirakından geniş şərhlər hazırlayıb. Atletlərimizlə Afina, Pekin, London, Rio-de Janeyro, Tokio, Paris, Sinqapur, Nankin, Buenos-Ayres və digər yerlərdə yaradılan canlı telefon bağlantıları materialların daha geniş, daha ətraflı və oxunaqlı olmasına zəmin yaradıb.

İdman və Olimpiya Hərəkatının təbliğində peşəkarlıq nümayiş etdirən “Olimpiya dünyası” qəzeti 44 günlük Vətən müharibəsinə xüsusi yer ayırdı. Qəzetimiz bütün səhifələrini Vətən müharibəsinə həsr etdi. Böyük Zəfərdən sonra da qəzetimiz qələbəyə həsr olunmuş yazıları davam etdirir. “Şəhidlik zirvəsinə ucalan idmançılar”, “Vətən müharibəsinin idmançı qəhrəmanları” rubrikası altında yazılar qəzetimizin səhifələrində dərc olunur.

“Olimpiya dünyası”nın fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəzetimizin iki əməkdaşı “Azərbaycan Respublikasının Əməkdar jurnalisti”, üç əməkdaşı da “Tərəqqi” medalına layiq görülüb. Qəzet Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının “Ədalətli idman təbliğatçısı” nominasiyasının qalibi olub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən qəzet dəfələrlə “İlin ən yaxşı idman nəşri” nominasiyasına layiq görülüb. Qəzetin əməkdaşları da müxtəlif illərdə “İlin idman jurnalisti” nominasiyasında fərqləniblər. 2004-cü ildə “Olimpiya dünyası” qəzetinin baş redaktoru Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən “İlin ən yaxşı idman jurnalisti” nominasiyasında birinci olub.

Beynəlxalq mətbuatın da diqqət mərkəzində olan “Olimpiya dünyası” İspaniyada “Nüfuz və keyfiyyətə görə-Aktualidad-XXI” adlı beynəlxalq mükafata layiq görülüb. İdmanın təbliği sahəsindəki fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomu ilə təltif edilib.

Qəzet həm də AFFA, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Voleybol Federasiyası, Azərbaycan Taekvondo Federasiyası, Azərbaycan Güləş Federasiyası və bir çox digər idman qurumları tərəfindən dəfələrlə diplom və mükafatlara layiq görülüb.

“Olimpiya dünyası” qəzeti idmanın təbliği ilə yanaşı, idman tədbirlərinin, müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. İndiyədək qəzet bir sıra ölkədaxili və beynəlxalq yarışların, mədəniyyət tədbirlərinin təşkilatçısı olub. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında əməkdaşlıq, yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək üçün “Olimpiya dünyası” və “İdman” qəzetinin təşkilatçılığı ilə keçirilən “KİV-2003” futzal turnirində Kütləvi İnformasiya Vasitələrinin 14 komandası qüvvəsini sınayıb. “Olimpiya dünyası”nın 2004-cü ildə jurnalistlər arasında ən güclü şahmatçını aşkar etmək üçün təşkil etdiyi yarışlar da böyük maraqla qarşılanıb.

“Olimpiya dünyası”nın təşkilatçılığı ilə bölgələrdə də bir sıra tədbirlər həyata keçirib. Belə ki, qəzetin Gəncədə təşkil etdiyi karate-do üzrə “Gəncə kuboku” beynəlxalq turniri də belə tədbirlərdəndir. 2011-ci il oktyabrın 23-də “Olimpiya dünyası” qəzetinin təşkilatçılığı ilə jurnalistlərlə “Neftçi”nin veteran futbolçuları arasında yoldaşlıq görüşü də keçirilib.

İdman mövzusunda karikaturalara maraq həmişə böyük olub. Dünyada idman çox inkişaf etdiyindən karikatura ustaları dəfələrlə bu mövzuya müraciət edir, öz ustalıqlarından istifadə edərək gözəl nümunələr yaradırlar. Ölkəmizdə də karikaturaçılar idman mövzusuna müraciət edirlər. “Olimpiya dünyası” qəzeti karikaturaçılarda idman sahəsinə marağı daha da artırmaq məqsədilə I Bakı Beynəlxalq Karikatura Müsabiqəsi təşkil edib. Bu müsabiqədə 26 ölkədən 70 rəssam bacarığını nümayiş etdirib. 2006-cı ildə qəzetin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Karikatura Müsabiqəsində isə bütün qitələri təmsil edən 40 ölkədən 163 rəssam 500 karikatura ilə iştirak edib. Qəzetin “Ən yaxşı idman fotoşəkili” və “Ən yaxşı idman yazısı” adlı müsabiqələri də uğurla keçirilib.

Bundan başqa Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə “İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsi keçirilib. 3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan MR ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm daxil olub. Onlardan 1560-ı 9-16 yaş qrupu, 554-ü 3-8 yaş qrupu üzrə olub. Rəsmlər hər yaş qrupuna uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqını təmsil edən peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

“Olimpiya dünyası” qəzeti 2006-cı ildən başlayaraq Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsində idman tədbirləri təşkil edib. Burada stolüstü tennis üzrə yarış təşkil olunmuş və bu yarışın qaliblərinə diplomlar və idman kostyumları verilmişdir. Növbəti tədbir 2007-ci il martın 5-də “Olimpiya dünyası” ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilib. 8 Mart-Beynəlxalq Qadınlar Günü ərəfəsində belə bir tədbirin keçirilməsində əsas məqsəd azadlıqdan məhrumetmə ilə bağlı yaranmış gərginliyi aradan qaldırmaq, məhbusların psixoloji durumunu sabit saxlamaq və onların asudə vaxtının maraqlı və səmərəli təşkilinə kömək göstərmək idi. Cəzaçəkmə Müəssisəsində voleybol üzrə yarış keçirilmiş, bu yarışlara tanınmış voleybolçu Alla Həsənova hakimlik etmiş, qaliblərə və cəzaçəkmə müəssisəsindəki qadınlara hədiyyələr təqdim olunmuşdur. Belə tədbirlər zamanı Olimpiya, dünya və Avropa çempionları ilə məhbusların görüşü keçirilmiş, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrinin kitabxanalarına MOK-un nəşrlərindən nümunələr və idman zallarına müxtəlif idman avadanlıqları verilmişdir.

Qəzetimizin yubileyi ilə bağlı 2021-ci il noyabrın 3-də MOK-un Azərbaycan Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə Mətbuat Şurasında “Olimpiya dünyası” qəzetinin 20 ilik yubileyinə həsr olunmuş “Narkomaniyaya qarşı mübarizədə media və idmanın rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə iştirak edən dünya, Avropa və Olimpiya çempionları və digər qonaqlar gənclərin narkomaniya və zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinə yönəlməsi ilə bağlı fikirlərini bildiriblər. Qeyd edək ki, qəzetimizin səhifələrində “İdmançılar narkomaniyaya qarşı” rubrikası altında oxucularımıza müntəzəm olaraq maraqlı yazılar təqdim olunur. “Olimpiya dünyası” qəzeti və “olimpnews.az” saytı 2024-cü ildə MOK-un təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının və bir sıra turnirlərin informasiya tərəfdaşı olub.

“Olimpiya dünyası” qəzetinin 23 il ərzindəki ən böyük uğurlarından biri də, ölkədə idman jurnalistlərinin yetişməsi sahəsində fəaliyyət göstərməsidir. Belə ki, ali təhsil ocaqlarının jurnalistika və digər fakültələrində təhsil alan, idmana maraq göstərən və bu sahənin təbliği ilə məşğul olmaq istəyən prespektivli gənclər redaksiyaya işə dəvət olunurlar. Ötən illər ərzində “Olimpiya dünyası”nda 40 nəfərə yaxın gənc idman jurnalisti yetişib. Onlar ali məktəblərdə təhsillərini davam etdirməklə yanaşı, həm də idman jurnalistikasının sirlərinə yiyələnib və təcrübə əldə ediblər. Hazırda onlar ölkəmizin müxtəlif KİV-lərində idman jurnalisti kimi çalışırlar. Bu təcrübə indi də davam edir. İdman sahəsini yaxşı bilən, yaradıcı və zəngin təcrübəyə malik idman jurnalistlərinin yetişməsi üçün qəzetin kollektivi öz səy və bacarığını əsirgəmir.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi olaraq, ölkədə idmanın inkişafını, Olimpiya Hərəkatının genişlənməsini, maddi-texniki bazanın sürətlə möhkəmlənməsini, atletlərimizin beynəlxalq səviyyəli uğurlarını daim diqqət mərkəzində saxlayan və təbliğ edən “Olimpiya dünyası” əvvələr həftədə iki dəfə rəngli formatda 6000 tirajla çap edilirdi. Hazırda qəzet həftədə bir dəfə 4100 tirajla çap edilir və geniş oxucu kütləsinə malikdir. “Olimpiya dünyası” qəzeti hazırda həftəlik qəzet kimi fəliyyət göstərsə də, 2016-cı ilin oktyabr ayından həm də gündəlik çıxır. Belə ki, onlayn formatda da gündəlik olaraq oxucuların görüşünə gəlir (olimpiyadunyasi.com).

Böyük məsuliyyət tələb edən qəzet işi kollektiv əməyin məhsuludur. Redaksiyada idmana və jurnalistikaya qəlbən bağlı mehriban və işgüzar yaradıcı kollektiv formalaşıb.

Uğurlu fəaliyyətimiz bu gün də davam edir. Hesab edirik ki, Azərbaycan idmanı və Olimpiya Hərəkatı inkişaf etdikcə, idmançılarımızın nailiyyətləri artdıqca, qəzetimiz də qələbə xəbərlərini çoxsaylı oxucularımıza çatdıracaq.

 

Aslan Şirəliyev

“Olimpiya dünyası” qəzetinin baş redaktorun müavini, Azərbaycan MEA , A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun elmi işçisi, Əməkdar jurnalist

 

“Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur “Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur “Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur “Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur “Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur “Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur “Olimpiya dünyası” qəzetinin 23 yaşı tamam olur