Dekabrın 3-də Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bir çox məsələ ilə yanaşı, qurumun Beynəlxalq Tədris mərkəzlərinin hansı ölkələrdə qurulması da müzakirə edilib. Gündəliyə Avropa, Asiya, Afrika, Amerika və Okeaniya üzrə seçimlər salınıb.
İclasda Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi iclasda Azərbaycanın namizədlik təqdimatı edilib. Təqdimatda IWF-in Avropa üzrə BTM-ni təşkil etmək istəyən ölkəmizin tarixi, bu günü, turizm potensialı, geniş infrastruktur imkanları, beynəlxalq tədbirlərin təşkili üzrə böyük təcrübəsi, idman nailiyyətləri və digər üstünlükləri, həmçinin Azərbaycanda başda Prezident İlham Əliyev olmaqla idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyi barədə məlumat verilib, xüsusi videoçarx nümayiş etdirilib.
Sonra Mariana Vasileva IWF-lə əlaqələri yüksək qiymətləndirdiklərini, qurumun tədris məsələlərinə bu qədər əhəmiyyət verməsini təqdir etdiklərini bildirib. O qeyd edib ki, Gənclər və İdman Nazirliyi bu layihənin dəstəkçisidir və BTM-in qurulmasını Azərbaycan ağırlıqqaldırması və ümumən idmanının inkişafı istiqamətində vacib addım sayır.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və İcraiyyə Komitəsinin digər üzvləri Azərbaycan, onun idmanı, burada idmana ən yüksək səviyyədə göstərilən diqqəti xüsusi fərqləndirib və uğurlar arzulayıblar.
Qeyd edək ki, dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı, bu hüququ əldə etmək üçün Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Avstraliya iddialıdır.
Ölkəmiz bu hüquqa yiyələnərsə, BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM paytaxt Bakıdakı ASK Arenada yerləşəcək.