Xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı məqsədilə “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və “Baku Snow Sport” şirkətinin dəstəyi ilə yeni maarifləndirici layihəyə start verilib.
“Şahdağ” Turizm Mərkəzindənverilən məlumata görə, layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanışlıqdır.
Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilib.
Görüş zamanı 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə də iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.
Layihə çərçivəsində 2025-ci il ərzində 20-dən artıq universitetdə tələbələrlə bu formatlı görüşlərin keçirilməsi nəzərdə tutulub.