“Maksimum dərəcədə yaxşı nəticə göstərmək üçün bütün gücümü sərf edəcəyəm”
Bu sözləri MOK-un “Olimpiya dünyası” qəzetinə və olympic.az saytına müsahibəsində Bakuriani-2025 XVII Avropa Gənclər Qış Olimpiya Festivalının fiqurlu konkisürmə yarışlarında ölkəmizi təmsil edəcək Leyli Axundova deyib.
Gənc idmançımız qeyd edib ki, festival onun üçün böyük təcrübə olacaq.
“İlk dəfədir ki, belə böyük idman tədbirində iştirak edəcəyəm. Bu yarış mənim üçün böyük təcrübə olacaq. Festivala Bakıda hazırlaşmışam. Hazırlıq prosesim yüksək səviyyədə keçib.”
Təmsilçimiz festivalda çıxış edəcəyi proqram barədə də məlumat verib.
“Artıq çıxış proqramım müəyyən olunub. Bir həftədən sonra yarışda mübarizəyə başlayacağam. Çox həyəcanlıyam, Olimpiya Festivalında Azərbaycanı təmsil edəcəyim üçün qürur duyuram”.
Altı yaşından firuqlu konkisurmə ilə məşğul olan idmançımız bu idman növü üçün ölkəmizdə gözəl şərait yaradıldığını deyib.
“Bu il Riqada təşkil olunan Qran-pri yarışında iştirak etmişəm. Ümumiyyətlə, ölkəmizdə bu idman növü ilə məşğul olaq üçün gözəl şərait və buz meydançası var. Federasiya tərəfindən mənim üçün hər cür şərait yaradılır.
Qeyd edək ki, fevralın 9-dan 16-dək Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclər Qış Olimpiya Festivalında 42 ölkədən 1000-ə yaxın idmançı mübarizə aparacaq.