Martın 15-16-da Hövsan qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku Azərbaycan cüdo idmanına yeni istedadlar bəxş etdi.
“Judo Club 2012”dən verilən məlumata görə, gərgin və həyəcanlı anlara səhnə olan turnirdə 43 klub və idman cəmiyyətindən ümumilikdə 334 cüdoçu (277 oğlan, 57 qız) iştirak etdi.
Azərbaycan cüdo məktəbinin ən fəal və perspektivli klublarından biri olan “Judo Club 2012”nin gənc idmançıları da turnirdə güclərini sınayaraq yüksək nəticələrlə yadda qaldılar. Onlar 2 qızıl və 2 bürünc medal qazanaraq ümumi komanda hesabında üçüncü yeri tutdular. Qızıl medalları klubun aktivinə Devid Mahmudov (-50 kq) və Tahir Əfəndiyev (+90 kq) yazdırdılar. Pəri Məmmədli (-63 kq) və Hüseyn Səfərov (-81 kq) isə bürünc medallara sahib çıxdılar.
Qeyd edək ki, bu yarışın əsas özəlliklərindən biri ne-vaza texnikalarına əsaslanmasıdır. Belə ki, ne-vaza cüdonun parter texnikalarına yönəlmiş bir sahəsidir və burada idmançılar rəqiblərini yerdə məğlub etmək üçün xüsusi fəndlərdən istifadə edirlər. Bu bacarıqlar idmançılara müdafiəni gücləndirmək, hücum strategiyalarını inkişaf etdirmək və ümumi döyüş bacarıqlarını daha da təkmilləşdirmək üçün geniş imkanlar yaradır.
“Judo Club 2012”nin yetirmələri də ne-vaza texnikalarına xüsusi önəm verərək, turnirdə yüksək səviyyəli nəticələr əldə etməyi bacardılar.
Bu qələbələr təkcə fərdi bacarıqların deyil, eyni zamanda məşqçi heyətinin və komandanın birgə zəhmətinin bəhrəsidir. Gənc idmançılarımız məşq prosesində göstərdikləri əzm və iradə ilə bir daha sübut etdilər ki, Azərbaycan cüdosu yeni çempionlar yetişdirməkdə davam edir.
Əldə edilən bu uğur, onların gələcək beynəlxalq yarışlarda da yüksək nailiyyətlər qazanacağına böyük ümid yaradır.