Zimbabvenin “qızıl qızı”

Zimbabvenin “qızıl qızı”

O, əvvəl atasının sonra isə dünyanın etimadını qazandı

Xəbər verdiyimiz kimi, zimbabveli Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 10-cu prezidenti seçilib. Yunanıstanın Kosta-Navarino şəhərində keçirilən BOK-un 144-cü sessiyasında səsvermənin ilk turunda qalib gələn Kristi Koventri Beynəlxalq Olimpiya Komitəsi tarixində ilk qadın prezident olub. O, prezidentliyə namizədliyini irəli sürən Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti) və Şahzadə Faysal əl-Hüseyni (BOK-un İcraiyyə Şurasının üzvü) qabaqlayıb.

Maraqlıdır ki, Kirsti Koventri bu vəzifəyə qədər hansı yolu keçib? Onun idman sahəsində hansı uğurları olub?

“Olimpnews.az" oxuculara BOK-un 10-cu prezidenti haqqında yazını təqdim edir.

Kirsti Koventri 1983-cü il sentyabr ayının 16-da Zimbabvenin Harare şəhərində ingilis əsilli Rob və Lin Koventrinin qurduğu ailədə anadan olub. Kirstinin valideynləri kimya şirkətinə sahib idilər. İmkanlı bir ailədə anadan olan Kirsti öz həyətlərində yerləşən hovuzda üzməyi öyrənmişdi.

“Doqquz yaşım olanda atama Olimpiya Oyunlarında iştirak edib, qızıl medal qazanmaq istədiyimi söylədim. O, dedi ki, çətin və şərəfli bir yola başlayırsan. Amma bilməlisən ki, medal qazanmağa qədər sən Olimpiya Oyunlarına vəsiqə əldə etməlisən. Həmin yol isə yığma komandanın heyətində yer almaqdan başlayır. Hər şeyi xırdalığına qədər mənə izah etdi. Sonda bildirdi ki, mənə çox inanır. Bu mənim üçün əsas idi”, - deyə Kirsti Koventri sosial şəbəkə hesabında paylaşım edib.

Kirsti gənclik illərini ABŞ-da keçirib. Okeanın o tayında məktəb və universitet təhsili alıb. Həmin ərəfədə mehmanxana və restoran idarəçiliyi üzrə bakalavr dərəcəsini qazanıb. Tələbəlik illərində Alabam Texniki İnstitutunda üzgüçülüklə məşğul olub. Onun bu bacarığı “Auburn Tigers” idman klubunun mütəxəssislərinin diqqətini cəlb edib və heyətə dəvət edilib.

Üzgüçülüyün sirlərini uğurla mənimsəyən tələbə qız 16 yaşında Zimbabvenin Olimpiya yığmasında yer alıb. Onun ilk sınağı isə Sidney-2000 Yay Olimpiya Oyunlarına təsadüf edib. Oyunların başlamasına bir neçə gün qalmış onun 17 yaşı tamam olub. “Yaşıl qitə”də Kirsti Koventri dörd məsafədə iştirak edib. O, 50 və 100 metr sərbəst, 100 metr arxası üstə və 200 metr fərdi qarışıq yarışda qüvvəsini sınayıb. Sidney-2000 Yay Olimpiya Oyunlarında Zimbabve təmsilçisinin ən yaxşı nəticəsi 100 metr məsafəyə arxasıüstə üzmə yarışında yarımfinala çıxması və bu yarışda 12-ci yer idi. Vətənə qayıtdıqdan sonra üzgüçü qız qəhrəman kimi qarşılanıb. Hətta Kirsti Zimbabvedə “ilin idmançısı” seçilib. Bu nəticə onu qətiyyən qane etmirdi. Məqsədə çatmaq üçün növbəti Olimpiya Oyunlarını gözləyən üzgüçü bu dəfə ölkəsinə medal qazandırmaqda israrlı idi. O, Afina-2004-də 200 metr məsafəyə arxasıüstə üzmə yarışında Olimpiya çempionu adını qazanıb. 100 metr məsafəyə arxasıüstə üzmə yarışında gümüş və 200 metr məsafəyə fərdi qarışıq yarışda bürünc medala yiyələnib. Bu nəticə ölkə tarixində bu idman növündə ilk böyük nailiyyət idi. Buna qədər Zimbabve idmançıları yalnız bir dəfə Olimpiya zirvəsində yer alıblar. “Qara qitə”nin qadınlardan ibarət otüstü hokkey yığması 1980-ci ildə Moskvada keçirilən Oyunlarda qızıl medala layiq görülmüşdü. Ağdərili idmançının qələbəsindən sonra yerli zimbabvelilər yeni doğulan uşaqlarına onun adını qoymağa başladılar. Ölkənin uzun müddət prezidenti olan Robert Muqabe onu “Zimbabvenin qızıl qızı”, Zimbabve Milli Olimpiya Komitəsinin rəhbəri Pol Çinyoka isə “Bizim milli sərvətimiz” adlandırıb.

2008-ci ildə Koventri üçüncü dəfə Olimpiya Oyunlarında iştirak üçün Çinə yollanıb. Onun budəfəki çıxışı da möhtəşəm alınıb. Üzgüçü Pekində 200 metr məsafəyə arxasıüstə üzmə yarışında qızıl medala sahib çıxıb. O, yeni dünya rekordu vuraraq, ikiqat Olimpiya çempionu olub - 2.05.24. Kirsti həmçinin üç gümüş (100 m arxasıüstə, 200 m və 400 m fərdi qarışıq) medalı da mükafat kolleksiyasına əlavə edib.

Koventri London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında komandanın əsas bir hissəsinə çevrilib. Hər iki Olimpiadada Kirsti Zimbabve yığmasının bayraqdarı olub. Amma bu oyunlardan Zimbabveyə əliboş qayıdıb. Koventrinin əldə etdiyi nailiyyətlər təkcə Olimpiya Oyunları ilə əhatələnmir. “Zimbabvenin qızıl qızı”nın aktivində dünya çempionatının üç qızıl, beş gümüş mükafat var. Qısa məsafələr üzrə dünya çempionatında Zimbabve idmançısı dörd qızıl və bir bürünc medala yiyələnib. Bu Kirstinin beynəlxalq yarışlarda əldə etdiyi sonucu nəticə kimi yadda qalıb.

2016-cı ildə “Afrikalı ağ dərili” idmançı ölkəsinin ən çox mükafat qazanan idmançısı kimi karyerasını başa vurub. Həmin dövrdən bu günə kimi 9 il keçib.

O, peşəkar idmançı karyerasını baş vursa da idmanı tərk etməyib. Bir müddət Zimbabve Olimpiya Komitəsində fəaliyyətini davam etdirdikdən sonra ölkəsini Beynəlxalq Olimpiya Komitəsində təmsil etməyə başlayıb. O, səkkiz il BOK-un müvəqqəti üzvü olub. Sonradan isə daimi üzv kimi etimad qazanıb. 2018-ci ilin sentyabr ayında 34 yaşında o, Zimbabvenin Gənclər, İdman, Mədəniyyət və İstirahət naziri təyin edilib.

2024-cü ilin sentyabrında Koventri vəzifəsini tərk edən Tomas Baxın varisi olaraq BOK prezidenti vəzifəsinə yeddi namizəddən biri olub. BOK-un Afinada keçirilən 144-cü Sessiyasında tarixdə ilk dəfə olaraq bir qadın və bir afrikalı BOK-un yeni prezidenti seçilib. O, iyunun 24-də yeni vəzifəsinin icrasına başlayacaq.

“Beynəlxalq Olimpiya Komitəsinin prezidenti seçilmək mənim üçün böyük şərəf və sevincdir! Həmkarlarıma göstərdikləri etimad və dəstəyə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Uzun illər əvvəl Zimbabvedə üzgüçülük idmanına başlayan gənc qız heç vaxt düşünməzdi ki, belə bir zirvəyə gəlib çıxacaq”, - deyə o, sosial şəbəkə hesabında paylaşım edib. Kirsti Koventrinin şəxsi həyatına gəldikdə isə 2013-cü ildən etibarən üzgüçü, keçmiş meneceri Tiron Süard ilə evlidir. Onların ailəsində iki qız övladı dünyaya gəlib. Ən böyüyünün adı Ella (2019), ən kiçiyinin (2024) adı isə ictimaiyyətə açıqlanmayıb.

Anar Əhmədov