Aprelin 11-də AFFA-nın Hesabat Konfransı öz işinə başlayıb. Konfransda çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ölkə futbolunun inkişafı ilə bağlı mühüm fikirlər səsləndirib. MOK rəsmisi AFFA tərəfindən hazırlanmaqda olan yeni strategiyanın futbolun gələcək inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib:
“Yeni strategiya hazırlanır. Ümid edirəm ki, AFFA-nın yeni strategiyası futbolumuzu lazımi səviyyəyə çatdıracaq”, - deyə Çingiz Hüseynzadə qeyd edib.
Çıxışında Azərbaycanın müstəqillik qazandıqdan sonra idman sahəsində qazandığı uğurlara da toxunan Çingiz Hüseynzadə vurğulayıb ki, ölkəmiz artıq bütün dünyaya yüksək nəticələr qazana bildiyini sübut edib:
"Hər şeyə nail olmaq mümkündür. Əsas odur ki, istək olsun. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi buna nail olacaq. Bir il tez keçdi. Bu il yığma komandalarımız zəif çıxış etdi. Bu, o demək deyil ki, kollektiv idman növlərində nəticələrimiz olmayacaq", - deyə o bildirib.
MOK rəsmisi həmçinin digər idman növlərində əldə olunan uğurlara da diqqət çəkib. O, 3x3 basketbol üzrə Azərbaycan milli komandasının Paris Olimpiadasında 7-ci yeri tutmasını müsbət nümunə kimi göstərib və gələcəkdə futbol millimizdən də bu cür nəticələr gözlədiyini deyib:
“Ümid edirəm ki, Azərbaycanın idman nailiyyətləri bundan sonra da davam edəcək. Azərbaycan futbolçuları da öz nailiyyətləri ilə bizi sevindirəcəklər”, - deyə Çingiz Hüseynzadə qeyd edib.