Beynəlxalq Olimpiya Komitəsi (IOC) Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının proqramında bir sıra dəyişikliklər edib. Dəyişikliyə əsasən kişi futbol komandalarının sayı 16-dan 12-yə endirilərkən, qadınlar turnirində iştirakçı komanda sayı 12-dən 16-ya artırılıb.
Boksda gender bərabərliyini təmin etmək məqsədilə qadınların yarışlarına əlavə çəki kateqoriyaları əlavə edilib. Beləliklə, həm kişilər, həm də qadınlar 7 fərqli çəkidə mübarizə aparacaqlar. Əvvəlki Olimpiya proqramında kişilər 8, qadınlar isə 5 çəki dərəcəsində yarışırdılar.
Atletika, kamandan oxatma, qolf, bədii gimnastika, stolüstü tennis və avarçəkmə yarışlarının qarışıq formatlı növlərinin sayı artırılıb. 3x3 basketbol üzrə kişi və qadın komandalarının sayı 8-dən 12-ə yüksəldilib, su polosu yarışlarına isə qadınlardan iki yeni komanda əlavə olunub.
İdman dırmanmasında isə medallar artıq ayrı-ayrı növlərdə - boulderinq və qayayadırmanma üzrə veriləcək. Bu dəyişiklik idmançılara daha geniş imkanlar yaradacaq.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunları iyulun 14-dən 30-dək keçiriləcək.