Şimali Makedoniya Avropa Gənclər Yay Olimpiya Festivalı üçün 2 fərqli şəhərdə yerləşən idman qurğularını ölkəyə gələcək idmançıların və azarkeşlərin ixtiyarına verəcək. Yalnız idman gimnastikası yarışları Xorvatiyada təşkil olunacaq. Təşkilat Komitəsinin yekdil qərarına əsasən Skopye, Kumanovo (hər ikisi Şimali Makedoniya) və Osiyekdə (Xorvatiya) yerləşən müxtəlif idman növləri üçün ən müasir arenalar EYOF-2025 üçün hazır vəziyyətə gətirilib.
Qeyd olunur ki, festivalın açılış və mərasimi paytaxt Skopyedəki Jane Sandanski Arenada keçiriləcək. Olimpnews.az festivalın keçiriləcəyi idman arenaları barədə ətraflı məlumatı çoxsaylı oxucularına təqdim edir.
Todor Proeski Milli Stadionu
Bu stadion (keçmiş Filip II Arena) paytaxt Skopyedə yerləşən Şimali Makedoniyanın ən böyük və ən görkəmli idman qurğusu hesab olunur. Ölkənin futbol üzrə yığma komandasının, “Vardar” və “Rabotniçki” klublarının əsas qarşılaşmaları burada keçirilir. Bundan əlavə beynəlxalq idman yarışları, xüsusilə atletika üzrə çempionatlar, eləcə də böyük konsertlər üçün ideal sayılır. 1947-ci ildə inşa olunan Todor Proeski Milli Stadionu 2008-2013-cü illərdə yenidən təmir olunmuş, arenadakı tribunalar və atletika zolağı yenilənmişdir. Məlumat üçün bildirək ki, 2017-ci ildə futbol üzrə UEFA Super Kubokunun qalibi məhz bu arenada müəyyənləşmişdi.
Nevena Georgieva - Dunja adına ibtiadi məktəb
Kisela Voda bələdiyyəsinin ərazisində yerləşən bu təhsil ocağı da festival günlərində idmançıların ixtiyarına veriləcək. Belə ki, məktəbin idman zalı EYOF-2025-də qitə badmintonçuları qüvvələrini sınayacaqlar. Skopyenin “Angeli” basketbol klubunun ev oyunlarına ev sahbliyi edən zal Festival üçün tam hazırlıq vəziyyətinə gətirilib.
“East Gate Mall”
Paytaxtın ən görkəmli məkanlarından biri olan “East Gate Mall” da idman imkanları da nəzərə alınıb. 2021-ci ildə inşa olunan bu müasir ticarət və əyləncə mərkəzi Şimali Makedoniyanın ən böyük ticarət mərkəzidir. Bundan əlavə “East Gate Mall” balkanlarda üçüncü yerdə qərarlaşıb. EYOF-2025-də basketbolun 3x3 növü üzrə mübarizə məhz bu məkan üçün nəzərdə tutulub.
Anar Əhmədov
Ardı var...