Andre Meyer: “Azərbaycanın qitə çempionatına ev sahibliyi etmək imkanları digər ölkələrə nisbətən daha çoxdur”

Andre Meyer: “Azərbaycanın qitə çempionatına ev sahibliyi etmək imkanları digər ölkələrə nisbətən daha çoxdur”


Ötən həftə paytaxtımızda qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsinin oyunları keçirildi.
D qrupunda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsində mübarizə aparmaq imkanı qazandı. Qitə çempionatına vəsiqə qazanmaq üçün millimiz bu mərhələdə Slovakiya yığmasını məğlub etməyə çalışacaq. Rəqibimiz çıxış etdiyi qrupda Rumıniya voleybolçuları istisna olmaqla, Avstriya və Bosniya və Herseqovina komandalarını hər 2 görüşdə məğlub edərək pley-off mərhələsində mübarizə aparmaq imkanı qazanıb. Faiq Qarayevin yetirmələri slovakiyalılarla ilk görüşü 2015-ci il mayın 22-24-də doğma meydanda, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək. Ümumilikdə Avro-2015-ə yüksələn yığmaların sayı 13-ə çatıb. Digər 3 komandanın adına isə pley-off mərhələsindən sonra aydınlıq gələcək.
Məlumat üçün bildirək ki, Avropa çempionatının II təsnifat mərhələsi çərçivəsində Avropa Voleybol Konfederasiyasının Prezidenti Andre Meyer və vitse prezident Yan Xronik ölkəmizin qonağı oldular.
Avropa Oyunlarına hazırlıqlarla bağlı və çimərlik voleybolunda olan yeniliklərlə yaxından tanış olan qonaqlar 4 gün işgüzar görüşlər keçirdilər.
Avropa Voleybol Konfederasiyasının Prezidenti Andre Meyer "Olimpiya dünyası”na eksklüziv müsahibə verdi.

- Paytaxtımıza növbəti dəfə səfər edirsiniz. Ötən illərə nisbətən Azərbaycan voleybolunda hansı dəyişikliklər olub?
- Azərbaycanın idmanı günü-gündən inkişaf edir. Hər səfərimdə yeni dəyişiklər görürəm. Yeni idman qurğuları tikilib idmançıların istifadəsinə verilir. Bu ölkənizin artan qüvvətindən xəbər verir. İdmançılar isə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edirlər. Demək olar ki, bu gün Azərbaycan idmançıları idmanın bütün növlərində uğurla təmsil olunurlar. Eyni zamanda, voleybol da ölkənizdə mərhələli olaraq inkişaf edir. Qadın voleybolunda qazanılan qələbələr bunu deməyə əsas verir.
- Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsinin I təsnifat mərhələsində turnir cədvəlində ikinci yeri tutdu. İstərdik ki, bu barədə məlumat verəsiniz.
- Komanda çox yaxşı çıxış etdi. Lakin gözlənilmədən Portuqaliya yığmasına məğlub oldu. Bu da yəqin ki, komandanın oyunun alınmaması ilə bağlı idi. İstənilən halda, Azərbaycan yığması Portuqaliya millisindən üstündür.
- Ümumiyyətlə, komandamızın imkanlarını necə dəyərləndirirsiniz?
- Hazır ki. vəziyyətdə yığmanız əla səviyyədədir. İstənilən uğurları əldə etmək imkanlarına malikdir. Çünki, ölkənizdə voleybolun inkişafı üçün hər cür şərait yaradılıb. İdman infrastrukturları təkmilləşdirilib. Bu isə, idmançıların yaxşı məşq etmələrinə və layiqli qələbələr qazanmalarına imkan verir.
- Ölkəmizdə çimərlik voleybolunun inkişafı barədə ne deyə bilərsiniz?
- Bu sahənin də inkişaf etdirilməsi üçün ölkənizdə müəyyən işlər görülür. Görülən işlərlə yaxından tanış olmuşam. İnanıram ki, gələcəkdə Azərbaycan bu sahədə də təmsil olunacaq və uğurlar qazanacaq. Ola bilsin ki, bu növ üzrə Bakıda beynəlxalq turnir təşkil edək.
- 2015-ci ildə paytaxtımızda I Avropa Oyunları keçiriləcək. Voleybol növü üzrə də, idmançılar bu yarışda qüvvələrini sınayacaqlar...
- Bəli. Bakı 2015-ci ildə I Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanda Avropa Oyunlarının təşkilini yüksək qiymətləndirirəm. Bu möhtəşəm bir yarış olacaq. Voleybol növünün də bu yarışa əlavə olunmasına görə çox sevinirəm. Bu oyunların təşkili ilə bağlı hazırlıq işləri davam etdirilir. Müxtəlif idman növlərinin təşkili üçün inşa olunan yeni obyektlər ölkənizin bu yarışı yüksək səviyyədə keçirməsinə zəmin yaradacaq.
- Bildiyiniz kimi, Azərbaycan dəfələrlə bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Ola bilərmi ki, 2017-ci ildə keçiriləcək Avropa çempionatı ölkəmizdə təşkil olunsun.
- Beynəlxalq Voleybol Federasiyası olaraq ölkənizdə müxtəlif idman növləri üzrə mötəbər yarışların yüksək səviyyədə keçirildiyini bilirik. Azərbaycanın qitə çempionatına ev sahibliyi etmək imkanları digər ölkələrə nisbətən daha çoxdur. Amma, bu barədə hələ yekun qərarımızı verməmişik.
- Paytaxtımız barədə hansı fikirlərini söyləyə bilərsiniz?
- Bakıya hər gəlişimdə yeniliklərin şahidi oluram. Günü-gündən paytaxtınız inkişaf edir. Bakı mənim çox xoşuma gəlir.
Zaur Mehtiyev