Bakıda keçiriləcək ilk Avropa Oyunları özündə bir neçə qeyri-olimpiya idman növünü, eləcə də aerobika gimnastikasını birləşdirməklə yadda qalacaq.
Bu idman növünün yarış proqramında gimnastlar dinamik musiqi sədaları altında çətin əlaqələndirilən, mütəmadi birgə asiklik hərəkətləri, həmçinin müxtəlif çətin elementləri sərbəst hərəkətlər ilə nümayiş etdirirlər.
Avropa Oyunlarının formatına əsasən hər ölkəni 5 nəfərdən ibarət qrup və qarışıq cütlük təmsil edəcək. Qrupda və ya cütlükdə çıxış etməyin çətinliyini heç kəs təsəvvür edə bilməz. Belə məqamda onlar bir-birlərini hiss etməli və fikirlərini oxumalıdırlar.
Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı bu Oyunlarda ölkəmizi qarışıq cütlüyün tərkibində təmsil edəcək Anastasiya Koltunova və Vladimir Dolmatovdan müsahibə götürüb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Gimnastikaya gəlişiniz haqqında danışardınız. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
Anastasiya: - Bu idman növü üçün çox gec olsa da, mən gimnastikaya on yaşımda gəlmişəm. Öz həyatımı idmanla bağlamaq mənim şüurlu seçimim idi. Aerobika öz rəngarəngliyi ilə məni cəlb etdi, burada idman gimnastikası və bədii gimnastika, eləcə də akrobatika elementləri var. Bundan başqa, bütün proqram musiqi sədaları altında yüksək dinamika ilə yerinə yetirilir.
Vladimir: - Bu təsadüfən oldu. 2004-cü ilin 15 dekabr tarixində bacım aerobika ilə məşğul olan zaman, mənə evdə oturmaq çox darıxırdırıcı gəldi. Ona görə də mən onunla birlikdə getmək qərarına gəldim və peşman olmadım.
- Necə düşünürsünüz, başqa idman sahəsində də uğur qazanmaq mümkün ola bilərdimi?
Anastasiya: - Əgər istək varsa, istənilən idman növündə yüksək nəticələr əldə etmək olar.
Vladimir: - Dəqiq deyə bilmərəm, ancaq düşünürəm ki, başqa idman növündə yüksək səviyyəli idmançı ola bilərdim. Bu, akrobatika və ya idman gimnastikası ola bilərdi, amma mən öz seçimimi etdim - mən aerobikanı sevirəm!
- Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağın sirri nədədir?
Anastasiya: - Yarış günü musiqiyə qulan asmaq emosiyaların öhdəsindən gəlməyə kömək edir.
Vladimir: - Mən sadəcə təsəvvür edirəm ki, hazırda mən məşqdəyəm, məşqçi və məndən başqa zalda heç kim yoxdur.
- Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?
Anastasiya: - İdmanda əsas istəkdir, qarşıya məqsəd qoymaq və heç nəyə baxmayaraq ona doğru getmək lazımdır.
Vladimir: - Qarşıya məqsəd qoymaq və bu məqsədə nail olmağa çox böyük istəyin olması əsas şərtdir. Onda hər şey alınacaq.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa, bu idman növündən asılıdır?
Anastasiya: - Hər hansı idman növündə zədəsiz ötüşmək mümkün deyil. Zədələrdən qaçmaq üçün idmançı özü öz səhhətinə nəzarət etməlidir.
Vladimir: - Hər idman növünün özünəməxsus təhlükəsi var. Amma işə ağılla yanaşsaq, onda zədələrsiz ötüşmək olar.
- İdmanda kumiriniz varmı?
Anastasiya: - "Səmadan yüksək, yerdən alçaq olan heç bir təsviri özünə kumir etmə ".
Vladimir: - Mən özümü heç kimə bənzətmirəm və digər idmançıların zirvələrinə çatmağa cəhd etmirəm. Mənim öz yolum var.
- Yaxın gələcək üçün idman planlarınızdan danışardınız.
Anastasiya: - Hazırda Avropa Oyunlarına səylə hazırlaşıram.
Vladimir: - Planlarımda Avropa Oyunlarında layiqincə çıxış etməkdir.
- Avropa Oyunları sizin üçün nə kəsb edir və siz bu möhtəşəm idman tədbirinə necə hazırlaşırsınız?
Anastasiya: - Mənim üçün Avropa Oyunları ən əhəmiyyətli yarışdır, belə iri miqyaslı yarışlarda iştirak etmək mənim üçün şərəfdir.
Vladimir: - Oyunlar mənim üçün özümü göstərmək şansıdır. Səbrimi toplayıb, dişlərimi sıxaraq heç nəyə baxmadan hər şeyin 100 faiz olacağına ümid edirəm.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzularınız, məqsədləriniz varmı?
Anastasiya: - Arzularım əsasən idmanla bağlıdır. Aerobikada yüksək nəticələr əldə etmək arzusundayam.
Vladimir: - Hazırda yalnız bir məqsədim var - Avropa Oyunlarında uğur qazanmaq.
- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?
Anastasiya: - Mənim üçün bütün həyatım idmandır.
Vladimir: - Xeyr. Mən özümü hansısa bir işə tamamilə həsr edə bilərəm. Birləşdirməyi isə bacarmaram.
- Ailəniz barədə oxuculara məlumat verərdiniz.
Anastasiya: - Mənim ailəmdə idmançı olmayıb, amma ailəm idmanda qazandığım uğurlarımla fəxr edir və seçimimdə məni dəstəkləyirlər.
Vladimir: - Mənim ailəm idmançı ailəsidir. Anam və bacım fitnes üzrə təlimatçı, atam isə idman zalında təlimatçıdır. Yalnız qardaşım idmanı deyil, texnologiya sahəsini seçib. O, komputer proqramları üzrə mütəxəssisdir. Amma mən əminəm ki, o yaxşı idmançı ola bilərdi.
- Adətən, azarkeşlər tribunlardan sizi necə dəstəkləyirlər? Siz onlardan hansı sözləri eşitmək istərdiniz?
Anastasiya: - Yarışda azarkeşlərin nə qışqırdığı vacib deyil, hər hansı dəstək güc toplamağa və layiqli çıxış etməyə kömək edir.
Vladimir: - Bizim üçün hər dəstək vacibdir.
- Onlara nə demək istərdiniz?
- Anastasiya: Azarkeşlərimə öz təşəkkürümü bildirmək istərdim. Onların dəstəyi mənim üçün vacibdir.
- Vladimir: Mən də onlara təşəkkür edirəm.