Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı

 Rusiya yığması Paralimpiya Oyunlarına buraxılmadı

Rusiya yığmasının Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında iştirak etməyəcəyi bir daha rəsmiləşib.

Olimpnews.az saytının məlumatına görə, buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub.

CAS şimal qonşularımızın Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından şikayətini rədd edib. Belə ki, BPK avqustun 7-də Rusiya Paralimpiya Komitəsini (RPK) beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərar çıxarmışdı.

Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən, ən azı, 35 dopinq analizinin 2011-2015-ci illərdə itirildiyini iddia edib. Rusiya Paralimpiya Komitəsi avqustun 15-də CAS-a qərarın ləğvi ilə bağlı müraciət etsə də, istəyi təmin edilməyib.

Qeyd edək ki, Rio-da təşkil olunacaq Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.