Tomas Bax məktubla müraciət edib

Tomas Bax məktubla müraciət edib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax rəhbərlik etdiyi qurumun 97 üzvünə məktub ünvanlayıb.

"Olimpnews.az” xəbər verir ki, məktubda üzvlərdən antidopinq sistemində islahatlat prosesinə öz töhfələrini vermələri xahiş olunur. Bu barədə "İnside the Games” informasiya agentliyi məlumat yayıb.

Almaniyalı mütəxəssis məktubda qeyd edib ki, Riçard Maklarenin rəhbərlik etdiyi komissiyanın hazırladığı hesabat və bununla bağlı baş verən digər hadisələr göstərdi ki, WADA-nın antidopinq sistemində mütləq dəyişikliklər aparılmalıdır.

BOK prezidenti bundan başqa üzvlərdən son 1 ildə Rusiya idmanında yaşanan dopinq qalmaqalı və bununla bağlı BOK-un ünvanına səsləndirilən tənqidi çıxışlara da münasibət bildirməyi xahiş edib.

"Sammitdə müzakirə olunacaq əsas məsələlərdən biri də antidopinq sistemini idman təşkilatlarından asılı vəziyyətdən xilas etməkdir.

İstəyirəm ki, öz fikirlərinizi bildirəsiniz. BOK-un bütün komissiya sədrlərindən xahiş edirəm ki, noyabr ayında öz rəylərini ifadə etsinlər. Arzu edirəm ki, görüləcək işlər, edilən cəhdlər boşa getməyəcək və 2017-ci ildə "İdmanda dopinq” mövzusunda keçiriləcək növbədənkənar ümumdünya konfransında daha etibarlı, effektiv, şəffaf və razılaşdırılmış antidopinq sistemi qəbul ediləcək”, - deyə Tomas Bax bildirib.