BOK proqram hazırlayıb

BOK proqram hazırlayıb

Beynəlxalq Olimpiya Komitəsi Lozannada Keniya Milli Olimpiya Komitəsinin (MOK) işinin yenidən bərpa olunması məqsədilə proqram hazırlayıb. Olimpnews.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, proqramda Keniyanın idman qurumunun hərtərəfli fəaliyyətinin strategiya və istiqamətləri öz əksini tapıb.

Xatırladaq ki, Keniya MOK Rio-2016 Olimpiadasından sonra buraxılmışdı. Buna səbəb ölkə Olimpiya yığmasının lazımi formada olmaması göstərilmişdi. Bundan başqa qurumun adı korrupsiyada da hallandırılırdı. Bundan sonra Keniya hakimiyyəti tərkibində 8 nəfər olmaqla müvəqqəti MOK yaratmışdı.

Proqram çərçivəsində BOK-un tələbi ilə Keniya MOK-nun növbədənkənar assambleyası çağrılmalı və Lozannada mərusə təqdim edilməlidir. Keniya tərəfi həm də MOK-un işinin reqlamentini yeniləməlidir. Sonrakı prosesdə qurumun idarəedici orqanları seçilməlidir. Bütün bunlar BOK-un və Keniya İdman Nazirliyinin nəzarəti altında ilin sonuna kimi başa çatdırılacaq.