Hokkeyçilər sığorta tələb ediblər

Hokkeyçilər sığorta tələb ediblər



Beynəlxalq Hokkey Federasiyasının prezidenti Rene Fazel Milli Hokkey Liqasının (NHL) oyunçularının Pxençxan-2018 Qış Olimpiya Oyunlarında iştirakı ilə bağlı məsələni liqa rəhbəri ilə bu ilin noyabr ayında keçiriləcək görüşündə müzakirə edəcəyini bildirib.

Məlumat üçün deyək ki, NHL-in oyunçuları Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Hokkey Federasiyasından sığorta olunmaları üçün 10 milyon dollar məbləğində vəsait tələb ediblər.

Rene Fazel bildirib ki, bu görüş həlledici olacaq və tərəflər prinsipial razılığa gələcəklər.
 O deyib: "Bizim vəzifəmiz pul məsələsini həll etməkdir və buna nail olacağıq. Yaxın 5-6 həftə ərzində bununla bağı mənim bir neçə səfərim olacaq və məsələnin maliyyə tərəfini həll edə biləcəyimizə inanıram.

Hazırda bu, federasiya üçün bir nömrəli vacib məsələdir. Mən kompromisə getməyə və bu məqsədlə hokkeyçilər tərəfindən tələb olunan vəsaiti ödəməyə hazıram. Əsas odur ki, güclü hokkeyçilər olimpiadadan kənarda qalmasınlar”.