Rusiyanı cəzalandırmağı təklif edib

Rusiyanı cəzalandırmağı təklif edib



ABŞ Antidopinq Agentliyinin (USADA) rəhbəri Trevis Tayqart Beynəlxalq Olimpiya Komitəsini (BOK) dopinq qalmaqalına görə Rusiyanı cəzalandırmağa çağırıb. 

"Olimpnews.az" xarici mətbuata istinadən xəbər verir ki, USADA-nın rəhbəri şimal qonşumuzu BOK-un tərkibindən xaric etməyi təklif edib.

"Rusiyada fəaliyyət göstərən yaxşı təşkilatlanmış dopinq sistemi "şəffaf” idmançıları da medallardan məhrum etdi. BOK bütün bunlara reaksiya verməli və cəza kimi Rusiya Olimpiya Komitəsini təşkilatdan xaric etməlidir. Bu cəza antidopinq kodeksinə uyğun sistem tətbiq olunana qədər davam etməlidir. Düşünürəm ki, Rusiyaya beynəlxalq yarışların təşkili ilə bağlı da qadağa qoyulmalıdır”, - deyə Trevis Tayqart bildirib.

Qeyd edək ki, dekabrın 9-da Riçard Maklarenin rəhbərliyi altında Ümumdünya Antidopinq Agentliyi (WADA) Müstəqil Komissiyasının hesabatının ikinci hissəsi ictimaiyyətə təqdim olunub. Hesabatda Rusiyada dövlətin dəstəyi ilə sistemli dopinq təşkilatının fəaliyyət göstərdiyi bildirilib.