Avropa Oyunları üçün yeni idman obyektləri tikiləcək

Avropa Oyunları üçün yeni idman obyektləri tikiləcək

Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Andrey Şorets bildirib ki, 2019-cu ildə Minskdə keçiriləcək Avropa Oyunları üçün yeni idman obyektləri tikiləcək.

Olimpnews.az saytının məlumatına görə, bu barədə danışan A.Şoretsin sözlərinə görə Əsas məsələ açılış mərasimi üçün "Dinamo” adlı atletika stadionu inşa etməkdir. "Biz stadionu gələn ilin sonu üçün inşa etməyə başlayacağıq. Oyunların keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb, idman yarışlarının keçiriləcəyi obyektlər müzakirə edilir. Bu əlamətdar idman turnirinə hazırlıq zamanı 2014-cü ildə Belarusda keçirilmiş hokkey üzrə dünya çempionatının müsbət təcrübəsi nəzərə alınacaq. Qonaqpərvərlik zonaları təşkil etmək də nəzərdə tutulur. Ümid edirik ki, Avropa Oyunları zamanı Minskə çoxlu qonaq gələcək” - deyə Andrey Şorets bildirib.

Xatırladaq ki, 2019-cu ildə ikinci Avropa Oyunlarının keçirilməsi hüququ Belarusa Avropa Olimpiya Komitələrinin Baş Assambleyasının bu ilin oktyabrında Minskdə keçirilən 45-ci iclasında verilib. Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtında keçirilib.